BAYRAQDAR MEDİA – İllər öncə idi. COVID-dən öncə hətta. Bir Novruz sabahı, səhər erkəndən sol böyrəyimdə şiddətli ağrı ilə yuxudan oyandım. Dözülməz ağrı idi. İlkin olaraq bir isti çay içdim, düşündüm ki, soyuq-filan olub. Amma olmadı. Saat 8-dək dözdüm, sonra təcili yardım çağırdıq. Tez gəldilər, nəsə dərmanları bir-birinə qatıb iynə vurdular, dedilər ki, tezliklə ağrı keçəcək. Lakin bu da kömək etmədi. Saat 12-dək ağrıdan qıvrıldım, heç nə dəyişmədi. Çarəsizcə taksiyə minib 7 nömrəli poliklinikaya getdim. Saat 13-ü keçmişdi, növbə işdən getmişdi deyə mənə lazım olan həkim artıq yox idi. Növbətçi qadın dedi ki, “o həkim bir özəl klinikada da işləyir, istəyirsiniz, zəng edim, alınarsa, gəlsin ora, sizə baxsın”. Dedim, “əlbəttə gəlsin, baxsın mənə, görək nədir dərdim”.
Qısa kəsirəm, Bakı kinoteatrının yanındakı Turan klinikasına gəldim. Bir xeyli gözlədik, həkim də gəlib çıxdı. Qeydiyyatda, səhv etmirəmsə, 40 manat ödəyib qəbz aldım və həkimin yanına getdim. Qısa sualların ardından USM etdi, dərhal da dedi ki, iki daş var, böyrəkdən çıxıb borunun ucuna taxılıblar. Görüntüləri çap edib özümə də verdi. Dedim ki, “həkim, indi nə olacaq?” Dedi, “narahat olmayın, asan məsələdir. Sizə bir-iki türkə-çarə deyəcəyəm, bu məsələ həll olunacaq. Bilirəm, bəlkə də başqa həkim əməliyyat təklif edəcəkdi, amma burada əməliyyatlıq heç nə yoxdur”.
Beləcə cəmi 40 manata müayinə olundum, resept yazıldı, ən asan yolla o daşlardan qurtulmanın üsulu izah edildi. Evə gəlib ailə dostumuz, gözəl həkim, şair Nazilə Gültaca zəng elədim ki, bəs, belə bir şey oldu, həkim də bunu məsləhət gördü. Nazilə xanım da sağ olsun, dedi ki, düz deyir, onun dediklərini elə, tezliklə daşlardan qurtulacaqsan.
Təfərrüata varmıram, həkimin dediklərini elədim, cəmi bir sutka sonra hər iki daş əriyib axıb getdi və canım da dincəldi. Heyif ki, o vicdanlı həkimin adı yadımda qalmayıb. Bircə onu xatırlayıram ki, illərlə Misirdə işlədiyini, sonra da Vətənə qayıtdığını deyirdi. Əsas o idi ki, bu həkim xəstəyə müştəri kimi baxmadı, əksinə elə etdi ki, az xərclə ciddi bir bəladan qurtulum. Yəni olduqca vicdanlı biri çıxdı. Onu da əlavə edim ki, məni tanıyan birisi deyildi.
…Bu ilin yanvarında balıq yeyərkən qılçıq boğazımın ətinə batıb qaldı. Ha elədim, çıxmadı. Əvvəlcə 10 nömrəli poliklinikaya getdim. Sağ olsunlar, çalışdılar ki, kömək etsinlər, amma bəlli oldu ki, boğazımın içini görə bilmək üçün alət yox imiş. Ona görə də başqa poliklinikaya yönləndirdilər. Oraya da bir dəfə getmişdik, adamlar bir-birinin üstünə çıxırdı. Düşündüm ki, yenə də eyni durum olacaq, nəticə də alınmayacaq. Ona görə də evimizə yaxın məşhur və özəl tibb mərkəzlərindən birinə yaxınlaşdım. 100 manat qeydiyyat pulu verib həkimin yanına qalxdım. Burada da növbə əlindən tərpənmək olmurdu. Xeyli gözlədim, axır ki, içəri dəvət etdilər, yoxladılar, özümə də göstərdilər ki, qılçıq orada özü üçün oynayır. Dərhal da çıxardılar və rahat oldum. Sonra həkimin kabinetinə çağırdılar. Təşəkkür edib getmək istəyirdim ki, qayıdasan, “100 manat da verəcəksiniz, çünki kənar cismi çıxarmışıq”. İstədim nəsə deyəm, sonra da “lənət şeytana” deyib 100 manatı qoydum qarşısına və sakitcə çıxdım. Nə qəbz verildi, nəsə başqa bir rəsmi icraat oldu…
Yəni Azərbaycanda iki ayrı həkim örnəyini öz üzərimdə sınadım. Biz buyuq. Bir tərəfdə doğrudan da halal və vicdanla işləyən, digər yanda da xəstəyə müştəri gözüylə baxanlarımız var. İndi elə etməliyik ki, cəmiyyət təmizlənsin, durulsun və daha vicdanlı adamlar tibb sahəsində çoxalsın…
Sual oluna bilər ki, bütün bunları indi niyə yazıram? Məsələ ondadır ki, TƏBİB-in rəhbəri dəyişib, neçə gündür müxtəlif şəxsləri işindən çıxarır. Bir yanda deyirlər ki, iş yerlərini boşaldır ki, öz dost-tanışını vəzifələrə yerləşdirsin. Digər tərəfdə də deyirlər ki, işdən çıxarılanların hamısı əliəyri, haramzadə adamlar olub, sistemi onlardan təmizləyir. Kimin düz dediyini bilmirəm, amma başıma gələnlərdə dürüstlərin də, fürsətdən sui-istifadə edənlərin də olduğunu şəxsən yaşamış birisiyəm.
Yeri gəlmişkən, mümkün qədər çalışıram ki, həkimə, hansısa xəstəxanaya getməyim. Çünki bir çox hallarda xəstəxanaların özləri sağlam adamı da xəstə edir. Oradakı aura, işçilərin kobudluğu, saymazlığı şəxsən mənə çox pis təsir edir. Düzdür, bəzən kim olduğumu bilənlər də olur, onda vəziyyət dərhal yaxşılığa doğru dəyişir. Amma olmazmı ki, müraciət edənlərə kimliyinə görə deyil, müraciət səbəbinə görə daha uyğun və nəzakətli yanaşma olsun? Bunu etmək doğrudanmı çətindir? Bəs insanlıq? Bəs həkim andı? Bəs qayğı, nəvaziş?
Nə bilim düzü? Onu bilirəm ki, bizim insanımız da keyfiyyətsizdir bir çox hallarda. Kiməsə etimad göstərilir, vəzifə verilir, bir də görürsən ki, adam özündən çıxdı, çapdı-taladı, ən qəddar birisinə çevrildi…










İlk şərhi yaza bilərsiniz