Son yeniləmə: 29 Aprel 2026
Simpoziumda Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə dair məruzə və çıxışlar dinlənilib
BAYRAQDAR MEDİA – Türk dünyasının elmi və mədəni təməl daşlarından biri olan Bakı Türkoloji Qurultayının 100-cü ildönümü İstanbulda keçirilən beynəlxalq simpoziumla qeyd olunub. KİAMP – Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşəbbüsü, Türk Ədəbiyyatı Vəqfinin (TEDEV) ev sahibliyi ilə reallaşan tədbirdə bir əsrlik mirasın gələcəyə daşınması əsas məqsəd kimi diqqət mərkəzində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya DGTYB-dən məlumat verilib.

Məlumata görə, ev sahibi olaraq Serhat Kabaklı (TEDEV sədri) – salamlama nitqi ilə tədbiri açıq elan edərək simpoziumun işinə uğurlar diləyib.
Proqramın açılış nitqi ilə çıxış edən KİAMP Türkiyə Cümhuriyyəti Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı qurultayın trk dünyasının inteqrasiyasında oynadığı mühüm rolu vurğulayıb: “1926-cı ildə Bakıda əsası qoyulan ortaq məfkurə bu gün də yolumuzu işıqlandırır. Bu simpozium keçmişin mirasını gələcəyin baxış bucağı ilə birləşdirmək əzmimizin təzahürüdür. Dərnəyimiz nəzdində fəaliyyət göstərən strateji mərkəz və akademik şuralar vasitəsilə Türk dünyasının elmi potensialını qlobal miqyasda təmsil etməkdə qətiyyətliyik. Bu gün burada toplaşan dəyərli heyət, yüzillik Türkologiya yolunun müasir dünyadakı güclü və sarsılmaz səsidir.”
Açılışda çıxış edən DGTYB başqanı şair-publisist İntiqam Yaşar Türk dünyasının gənc yazarlarının bu zəngin irsə sahib çıxmaq iqtidarında olduğunu vurğulayaraq birlik və həmrəylik mesajı verib.
Tədbirin moderatoru Dr. Caner Karakuş isə akademik dərinliyin vacibliyini önə çəkərək iclası peşəkar şəkildə idarə edib və simpoziumun türk dünyası üçün önəmini xüsusi qeyd edib.

Məlumata əsasən, tədbir Türk dünyasının birliyini təmsil edən çoxsaylı nüfuzlu şəxsləri bir araya gətirib. Protokol çıxışlarında çıxış edən ziyalılardan E.Vali Hasan Hüseyn Can – Türkologiyanın dövlətlərarası münasibətlərdə birləşdirici rolunu vurğulayıb və bu cür elmi təşəbbüslərin idarəetmə yaddaşı üçün əhəmiyyətini qeyd edib: “Konsul Yerjan Uasis (TÜRKSOY İstanbul nümayəndəsi) – ortaq mədəni dəyərlər ətrafında birliyin strateji zərurət olduğunu bildirib. Rafet Ulutürk (Bultürk Dərnəyinin sədri) – Balkanlar ilə Türk dünyası arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Hüsamettin Taştemir (Bursa Arena qəzetinin rəhbəri) – medianın mədəni inteqrasiyada rolunu diqqətə çatdırıb. Hikmet Elp (Azərbaycan Kültür Evinin sədri) – Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz olduğunu qeyd edib. Ahmet Tecim (Gəncliyə Yardım Fondunun keçmiş sədri) – gənclərin akademik və mədəni inkişafına dəstəyin vacibliyini vurğulayıb”.

Məlumatda deyilir ki, protokol çıxışlarından sonra elmi məruzələr dinlənilib: “Araşdırmaçı-yazar Dr. Orhan Aras, Bakı Dövlət Universitetinin doktorantı Mələykə Mirzəli və Marmara Universitetinin magistrantı Miray Erentürk türkologiya sahəsindəki aktual mövzular üzrə məruzələrlə çıxış ediblər. Simpozium aparıcı tələbələr Elnarə Məmmədrzayeva və İsa Quluzadənin təqdimatı ilə davam edib”.
Tədbir iştirakçıların suallarının cavablandırılması, simpoziumun çıxışçılarına diplomların təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə uğurla yekunlaşıb.










İlk şərhi yaza bilərsiniz