BAYRAQDAR MEDİA – 2-3 may 2026-cı il tarixlərində İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “AzerGold” QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub.
QSC-dən verilən məlumata görə, “Azərxalça” ASC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil edilən festivalda dövlət şirkətinin 13 çeşiddə qızıl və 5 çeşiddə gümüş sikkələrdən ibarət kolleksiyaları, eləcə də investisiya məhsulları təqdim edilib.
Məlumatda deyilir ki, “AzerGold” stendində xalçaçılıq elementlərini özündə ehtiva edən qızıl və gümüş məhsullar nümayiş etdirilib: “Burada, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərini, milli və mənəvi dəyərlərini əks etdirən numizmatika nümunələri və müxtəlif mövzularda hazırlanmış sikkələr təqdim olunub.
“AzerGold” və “Azərxalça” birgə layihə əsasında ziyarətçilərə “ipəklə gümüşün harmoniyası” adlı fərqli vizual təcrübə təqdim edib. “Smartminting” (yüksək relyefli zərb texnologiyası) ilə ərsəyə gətirilən və nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələr və bu kolleksiyanın xalça interpretasiyası izləyicilərin böyük marağına səbəb olub”.






İlk şərhi yaza bilərsiniz