BAYRAQDAR MEDİA – Xüsusilə paytaxtda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.
Xəbərdə bildirilir ki, “skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır); piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət; işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi; gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət; azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması yer alır. Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unudulmamalıdır ki, hansı növ nəqliyyat vasitələrini idarə etməkdən asılı olmayaraq hər kəs yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir”.
BDYPİ daha xatırladıb: Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər.






İlk şərhi yaza bilərsiniz