Press "Enter" to skip to content

Bakıda 19-cu “Caspian Agro” və 31-ci “InterFood Azerbaijan” sərgiləri

Bakıda 19-cu "Caspian Agro" və 31-ci "InterFood Azerbaijan" sərgiləri

BAYRAQDAR MEDİA – Bakı Ekspo Mərkəzində sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) işinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Sərginin əhəmiyyətindən söz açan “ITE Group” şirkətinin Baş icraçı direktoru Edvard Stroon iştirakçıların sayının ilbəil artdığını və bu sərgilərin davamlı təşkil ediləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə iştirak edir”.

Daha sonra xəbərdə, “builki sərgidə KTN geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur. Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur. Stenddə fermerlərin, sahibkarların və digər sərgi ziyarətçilərinin aqrar sahədə mövcud dəstək alətləri barədə məlumatlandırılması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı təmin edilib. Bu il “Caspian Agro” sərgisi zamanı bölgələrdə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində sıx əməkdaşlıq edilən Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk dəfə olaraq ayrıca stendlərlə təmsil olunur. Sərgidə regionların kənd təsərrüfatı potensialının təqdimatına da xüsusi yer ayrılıb. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahəvi assosiasiyalar da ilk dəfə ayrıca stendlərlə sərgidə iştirak edirlər. Sərgidə aqroparkların iştirakı da diqqət mərkəzində saxlanılıb” deyə bildirilir.

Bundan başqa, sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi turlar təşkil olunacaq. Bu il 50-dən artıq bölgədən mindən çox fermer sərgini ziyarət edəcək.

Qeyd edək ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularının müzakirəsinə həsr olunmuş müxtəlif forumlar keçiriləcək, panel sessiyalar təşkil olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.