Press "Enter" to skip to content

Ukraynada Ulu Öndərin doğum günü qeyd edilib

Ulu Öndərin abidəsi önündə

BAYRAQDAR MEDİA – 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının memarı, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Ukraynanın paytaxtı Kiyevdə qeyd edilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya Ukraynadakı Azərbaycan diasporundan veriblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini və diaspor fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. İştirakçılar daha sonra Kiyevdə Azərbaycan-Ukrayna “Dostluq Xiyabanında” növbəti ağacəkmə aksiyasında iştirak ediblər. Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev şəhər Şurasının deputatları, Kiyev şəhər Meriyasının rəsmiləri də iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.

“Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrətli və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, – deyə səfir bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.