BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Tədqiqatlar Mərkəzi (ATM) İsrailin aqrotexnologiya sahəsində fəaliyyət göstərən qabaqcıl “Agrigo AI Ltd.” və “Supplant Ltd.” şirkətləri ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Memorandum ATM-in direktoru Rəşad Hüseynov, “Agrigo AI Ltd.” şirkətinin Marketinq və Biznesin İnkişafı üzrə vitse-prezidenti Darina Privalko və “Supplant Ltd.” şirkətinin həmtəsisçisi və Gəlirlər üzrə direktoru Ori Ben Ner tərəfindən imzalanıb. Bu əməkdaşlıq ATM-in beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də aqrar sahədə innovativ texnologiyaların Azərbaycana transferi baxımından mühüm mərhələ hesab olunur. Sənəd kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, süni intellekt əsaslı aqrotexnologiyalar və iqtisadi tədqiqatlar sahəsində elmi və texnoloji əməkdaşlığın inkişafını nəzərdə tutur. Memorandum çərçivəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, innovativ həllərin tətbiqi, qabaqcıl rəqəmsal texnologiyaların yerli şəraitə uyğunlaşdırılması, mütəxəssis mübadiləsi, təlim proqramları və beynəlxalq elmi tədbirlərin təşkili planlaşdırılır”
Ardınca xəbərdə, “əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycanda aqrar tədqiqatların beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və aqrar sahədə rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Bununla yanaşı, memorandum Azərbaycanda aqrar elmin inkişafına, müasir texnologiyaların tətbiqinə və insan kapitalının gücləndirilməsinə dəstək göstərəcək. Memorandumun gələcəkdə birgə pilot layihələrin həyata keçirilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi və regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz