Bakı forumunda Qazaxıstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və həmrəylik mesajları verilib
BAYRAQDAR MEDİA – Əsrlər boyu qadın bütöv bir mədəniyyətin, cəmiyyətin və sivilizasiyaların inkişafında mühüm rol oynayıb. Təbii ki, türk dünyasında da qadına, xanıma və anaya xüsusi önəm verilib və bu ənənə bu gün də davam etdirilir. Türk xanımları tarixin ən ağır dönəmlərində həyat yoldaşları və oğulları ilə çiyin-çiyinə düşmənə qarşı mübarizə aparıb, eyni zamanda quruculuq işlərində fəal iştirak ediblər. Bu ənənə və inkişaf xətti müasir dövrdə də davam edir. Hazırda da türk dünyasında qadın özünəməxsus liderlik rolu ilə seçilir və bura könüllüklüklü də əlavə edildikdə ortaya gözəl və xeyirxah bir fəaliyyət qoyulur.
Forumda beynəlxalq əməkdaşlıq və könüllülüyün rolu vurğulanıb
Bu fikirlər Bakıda keçirilən tədbirdə də xüsusi vurğulanıb. Xatırladaq ki, mayın 25-də Qazaxıstanın Azərbaycandakı səfirliyində “Qadın könüllülərin Azərbaycan, Qazaxıstan və Türkiyənin inkişafına töhfəsi” mövzusunda beynəlxalq forum keçirilib. Bakı Beynəlxalq Qadın Klubu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan parlamentinin deputatları, tanınmış ictimai xadimlər, qadın sahibkarlar, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, son illərdə Azərbaycan və Qazaxıstan arasında könüllülük hərəkatı sürətlə inkişaf edir. Onun sözlərinə görə, məhz bu inkişaf və əməkdaşlıq mühiti Beynəlxalq Qadın Klubunun belə bir forum təşkil etməsi üçün stimul yaradıb və səfirlik də təşəbbüsü böyük məmnuniyyətlə dəstəkləyib.
Alim Bayel çıxışında forumun Azərbaycan Respublikasının Müstəqillik Gününə və Könüllülər İlinə həsr olunduğunu vurğulayıb.
Səfir könüllülüyün cəmiyyətin inkişafında və həmrəylik mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, qadın könüllülüyünün isə bu sahədə xüsusi yer tutduğunu bildirib. Diplomat xatırladıb ki, BMT tərəfindən 2026-cı il Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü ilə Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli elan edilib.
Səfir bunun Qazaxıstanın könüllülüyə verdiyi önəmin bariz göstəricilərindən biri olduğunu qeyd edib. Diplomat həmçinin bildirib ki, qazax cəmiyyətində müasir könüllülük hərəkatı qədim qarşılıqlı yardım ənənəsi olan “Asar”dan qaynaqlanır.
Azərbaycanın qadın hüquqları sahəsində tarixi rolu ön plana çəkilib
Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın fəallığının yaranma tarixi və qadınlara göstərilən müasir dövlət dəstəyi tədbirləri barədə danışıb.
O da xatırlanıb ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçib-seçilmək hüuqu verən ilk ölkə kimi tarixə düşüb.

Komitə sədri çıxışında güclü vətəndaş cəmiyyətinin formalaşmasında qadınların rolundan bəhs edib. O bildirib ki, Azərbaycan qadınları tarix boyu xeyirxahlıq missiyasını yerinə yetirib və bu ənənə bu gün də davam edir.
Hicran Hüseynova çıxışında Azərbaycanda həm vətəndaş cəmiyyətinin inkişafı, həm də qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının genişləndirilməsi istiqamətində mühüm dövlət siyasətinin həyata keçirildiyini və uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb.
Qadın hərəkatı və vətəndaş cəmiyyətinin inkişafı diqqət mərkəzində olub
Daha sonra tədbirin təşkilatçılarından biri, Beynəlxalq Qadın Klubunun rəhbəri Asimjül Bayel çıxış edib.
O, könüllülüyün Qazaxıstanda böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bildirib ki, hazırda ölkədə 800-dən çox könüllü təşkilatı fəaliyyət göstərir və xüsusilə son illərdə bu hərəkatın iştirakçılarının sayı durmadan artır.
Asimjül Bayel özü də vaxtilə könüllülük fəaliyyəti ilə məşğul olduğunu qeyd edib və forumu həm könüllülük, həm də qadın hərəkatının inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.

O, tədbir çərçivəsində səslənən fikir və təkliflərin gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Qadın Klubu 1994-cü ildə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Klub fəaliyyət göstərdiyi 32 il ərzində çoxsaylı mədəni, xeyriyyə və maarifləndirici tədbirlər həyata keçirib. Son tədbirlərdən biri isə 2026-cı ilin aprel ayında Bakıda keçirilən yaz xeyriyyə yarmarkası olub.
Diplomat xanım qadınların sosial rolundan danışıb
Forumun açılış mərasimində çıxış edən Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero qadınların cəmiyyətə, uşaqlara və sosial baxımdan həssas qruplara qayğısının vacibliyindən danışıb. O bildirib ki, bu cür qlobal əməkdaşlıq platformaları böyük perspektivlər açır.

Diplomatın sözlərinə görə, qadınların diqqət mərkəzində olması və onların irəli çəkilməsi cəmiyyətin inkişafına hər zaman töhfə verib və qadınların ictimai-siyasi proseslərdə iştirakına şərait yaradan cəmiyyətlər daha sürətlə inkişaf edir.
Qadınlar humanitar layihələrdə də fəal iştirak edirlər
Türkiyənin Azərbaycandakı səfirinin xanımı Zöhrə Akçün isə çıxışında pediatr kimi fəaliyyət təcrübəsinə əsaslanaraq uşaqlarda autizmin erkən diaqnostikasının əhəmiyyətindən bəhs edib. O, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və dostluq mühitində həmyaşıdları ilə birlikdə təhsil almasının vacibliyini vurğulayıb, həmçinin Türkiyənin bu sahədəki təcrübəsini iştirakçılarla bölüşüb.
Moldova səfirinin xanımı İrina İsaulenko isə qeyd edib ki, Moldovada qadın fəallar xüsusilə humanitar layihələrdə və Ukraynadan gələn qaçqınların yerləşdirilməsi prosesində fəal rol oynayırlar.
Forum panel müzakirələri və musiqi proqramı ilə davam edib
Forum daha sonra panel müzakirələri ilə davam edib. Panel sessiyaları qadın təşəbbüsləri, təhsil və tərəfdaşlıq mövzularına həsr olunub və hər istiqamət üzrə ayrıca proqramlar təşkil edilib.
Tədbir çərçivəsində Qazaxıstan, Azərbaycan, Türkiyə, Moldova və ABŞ-dan olan spikerlər müasir cəmiyyətdə qadın könüllülərin roluna dair təqdimatlarla çıxış ediblər.
Astana Akimatının Xidmət və Turizm Kollecinin direktoru Saltanat Basıqarayeva, “Astana Jastarı” Gənclər Resursları Mərkəzinin könüllülük hərəkatının inkişafı departamentinin rəhbəri Elvira Yesmuxanova Qazaxıstandakı könüllülük hərəkatının təcrübəsi və uğurlarından danışıblar.

“Sky Line Partners” şirkətinin təsisçisi və prezidenti Ayten Şirinova, “Çeşme” Aqromədəni İnkişaf Kooperativinin sədri Yeşim Tüzün Yüksel və digər çıxış edənlər qadın könüllülüyünün inkişaf perspektivləri, çətinlikləri və strateji istiqamətləri barədə fikirlərini bölüşüblər.
Forumun yekununda iştirakçılar türk dünyasında qadın vətəndaş təşəbbüslərinin təşviqi və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Forum maraqlı bədii proqramla da yadda qalıb
Tədbiri maraqlı edən əsas məqamlardan biri isə panel və çıxışlar arasında təqdim olunan bədii musiqi proqramları olub. Tədbirdə həmçinin Azərbaycanın əməkdar artistləri Fərqanə Qasımova, Gülyanaq Məmmədova və Gülyaz Məmmədova, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar çıxış ediblər.






İlk şərhi yaza bilərsiniz