BAYRAQDAR MEDİA – Eskişehirin Seyitqazi rayonundakı Küllüoba kurqanında aparılan qazıntılar zamanı aşkarlanan təxminən 5 min illik çörək qalıqları qədim əkinçilik ənənələrinin yenidən canlandırılmasına ilham verib. Şəhər Bələdiyyəsi tarixi çörəyi orijinal tərkib və nisbətlər əsasında yenidən hazırlayaraq sakinlərin istifadəsinə təqdim edib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, araşdırmalar nəticəsində həmin çörəyin əsas komponentlərindən olan genetik dəyişdirilməmiş Kavılca buğdasının minilliklər əvvəl bu torpaqlarda becərildiyi müəyyənləşdirilib: “Bunun ardından Qarsdan gətirilən ata toxumları ötən ilin oktyabrında Seyitqazidəki bələdiyyə torpaqlarına səpilib. Təxminən 70 dönümlük ərazidə aparılan sınaq əkini uğurlu nəticə verib və sahələrdə məhsul yetişməyə başlayıb. Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlüce əkin sahələrinə baxış keçirərək layihənin uğurundan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, ilk məhsuldan əldə olunacaq toxumlar gələcək ildə daha geniş ərazilərdə istifadə ediləcək”.
Məlumata əsasən, quraqlığa davamlılığı ilə seçilən Kavılca buğdasının bölgəyə uyğunlaşması kənd təsərrüfatı baxımından da mühüm əhəmiyyət daşıyır. Layihə həm tarixi irsin qorunmasına, həm də yerli istehsalın inkişafına töhfə verməyi hədəfləyir.






İlk şərhi yaza bilərsiniz