BAYRAQDAR MEDİA – Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Karvansaraya qanunsuz müdaxilə nəticəsində abidənin üzərindəki tarixi yazıların və tamğaların səthini qum-sement məhlulu ilə örtərək abidəyə ziyan vurulub”.
Daha sonra xəbərdə, “Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür” deyə bildirilib.

Xəbərdə həmçinin vurğulanır ki, ““Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsasən abidələrin korlanması və ya məhv edilməsi, sözügedən Dövlət Xidməti ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub”.
Qeyd edək ki, Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha xatırladıb və vətəndaşları, eləcə də müxtəlif fəaliyyət sahələrinin nümayəndələrini mədəni irs nümunələrinə həssas yanaşmağa, onların qorunması işində məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb.







İlk şərhi yaza bilərsiniz