BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 2026/2027-ci tədris ilində ilk dəfə magistratura səviyyəsində “Qida kimyası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ““Qida kimyası” ixtisaslaşması qida məhsullarının kimyəvi tərkibinin öyrənilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, saxlanması və emalı zamanı baş verən kimyəvi proseslərin araşdırılması, qida əlavələrinin tədqiqi sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Tədris proqramı çərçivəsində tələbələr qida məhsullarının kimyəvi tərkibinin təhlili, emalı və saxlanması zamanı baş verən kimyəvi dəyişikliklər, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri, qida əlavələri və çirkləndiricilərin müəyyənləşdirilməsi, müasir analitik cihaz və laboratoriya metodları, beynəlxalq qida standartları və normativ tələblər üzrə nəzəri və praktik biliklər əldə edəcəklər”.
Daha sonra xəbərdə, “ixtisaslaşmanın əsas məqsədi qida sənayesi, qida təhlükəsizliyi və laboratoriya sahələrində fəaliyyət göstərə biləcək peşəkar mütəxəssislər yetişdirməkdir. Təhsil müddətində tələbələr müasir laboratoriyalarda praktiki bacarıqlar qazanacaq, qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tətbiqi layihələrdə iştirak edəcəklər. “Qida kimyası” ixtisaslaşmasının məzunları qida sənayesi müəssisələrində, qida təhlükəsizliyi və sertifikatlaşdırma qurumlarında, analitik və akkreditə olunmuş laboratoriyalarda, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında, keyfiyyətə nəzarət və standartlaşdırma sahələrində fəaliyyət göstərə biləcəklər” deyə bildirilir.
Yeni ixtisaslaşma ölkədə qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə, yerli sənayenin inkişafına və beynəlxalq standartlara cavab verən peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.






İlk şərhi yaza bilərsiniz