Press "Enter" to skip to content

Müharibənin sınağından keçən konstitusiya

Yuriy Husyev

Yuriy HUSYEV, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

BAYRAQDAR MEDİA – 28 iyun tarixində Ukrayna dövlətimizin Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsinin 30 illiyini qeyd etdi. Bir çox ölkələr üçün konstitusiya ilk növbədə hüquqi sənəddir. Bu gün Ukrayna üçün isə o, bundan qat-qat artıq məna daşıyır. O, müasir dünya tarixinin ən ağır sınağından – genişmiqyaslı müharibə sınağından keçən xalqın mənəvi və siyasi təməlidir.

Otuz il əvvəl Ukrayna Ali Radası Ukrayna xalqı adından dövlətçiliyimizi müəyyən edən dəyərləri Konstitusiyada təsbit etdi: azadlıq, ləyaqət və insan hüquqları, demokratiya, hüququn aliliyi, suverenlik və ərazi bütövlüyü. Bu prinsipləri bu gün cəbhədə ukraynalı hərbçilər, beynəlxalq arenada ukraynalı diplomatlar və Rusiyanın gündəlik terror hücumlarına baxmayaraq yaşamağa və işləməyə davam edən milyonlarla vətəndaş müdafiə edir.

Bu gün Putin rejimi təkcə Ukrayna şəhərlərini və infrastrukturunu deyil, həm də müstəqil Ukrayna ideyasının özünü məhv etməyə çalışır. Lakin genişmiqyaslı müharibənin dörd ildən artıq davam etməsinə və on iki illik Rusiya təcavüzünə baxmayaraq, Kreml strateji məqsədlərinə nail ola bilməyib. Gördüyümüz kimi, bu gün Moskva rejimi döyüş meydanında qalib gəlmir, Ukraynanın zərbələri isə onun təcavüzünü genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Müharibə şəraitində Konstitusiya Günü sadə bir həqiqətin bariz təsdiqidir: dövlət, ilk növbədə, öz ölkəsini, prinsiplərini və dəyərlərini müdafiə etməyə hazır olan insanların sayəsində mövcuddur. Məhz buna görə ukraynalılar öz ölkələrində yaşamaq və gələcəklərini müstəqil şəkildə müəyyən etmək hüququ uğrunda mübarizəni davam etdirirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, sülh yalnız beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət əsasında mümkündür. Bu mövqe Ukrayna Konstitusiyasına tam uyğundur. “Biz kompromislərə hazırıq, lakin müstəqilliyimiz və suverenliyimiz hesabına deyil” – bu prinsip bu gün Ukrayna cəmiyyəti və dövləti üçün qırmızı xəttdir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlığımızı bildiririk.

Bu gün Ukrayna Konstitusiyasının dövlətin Avropa və Avroatlantik istiqamətini təsbit etməsi xüsusi əhəmiyyət daşıyır. Bu artıq sadəcə siyasi seçim deyil, sivilizasiya seçimidir. Ukrayna faktiki olaraq Avropanın təhlükəsizlik sisteminin əsas elementlərindən birinə çevrilib. Təsadüfi deyil ki, beynəlxalq tərəfdaşlar Ukraynanın müdafiə sənayesinə və birgə təhlükəsizlik layihələrinə getdikcə daha çox investisiya yatırırlar. Ukraynanın müdafiə sektoruna dəstək bu gün Avropanın və bütün dünyanın kollektiv təhlükəsizliyinə töhfədir.

Konstitusiya həm də insan hüquqlarını qoruyan əsas dövlət sənədidir. Məhz buna görə Ukrayna təcavüzkarın insanlıq əleyhinə cinayətlərinə görə məsuliyyət daşımasına ardıcıl şəkildə nail olmağa çalışır. Minlərlə dinc sakinin həlak olması, ukraynalı uşaqların qanunsuz deportasiyası, mədəni irsin məhv edilməsi, xəstəxana və məktəblərə hücumlar yalnız qınaq deyil, həm də ədalət tələb edir.

Bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsinin “Ukrayna və Niderland Rusiyaya qarşı” işi üzrə son qərarı mühüm siqnal oldu. İlk dəfə olaraq beynəlxalq məhkəmə orqanı Rusiyanı MH17 reysinin vurulmasına və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində insan hüquqlarının çoxsaylı sistemli pozuntularına görə rəsmi şəkildə məsul tanıdı.

Bu gün Ukrayna həmçinin təcavüz cinayətinə görə tamhüquqlu beynəlxalq məsuliyyət sisteminin yaradılmasına nail olmağa çalışır. “Beynəlxalq hüquq sadəcə bəyannamə deyil, qanun olmalıdır” – bu tezis bu gün bütün dünya ictimaiyyəti üçün xüsusi aktuallıq kəsb edir.

Ukraynalılar üçün Konstitusiya heç vaxt abstrakt mətn olmayıb. O, xalqın öz torpağında azad yaşamaq uğrunda əsrlər boyu davam edən arzusunu əks etdirir. 1710-cu ildə qəbul edilmiş Pylyp Orlyk Konstitusiyasından – hansı ki, Avropanın ilk konstitusiyalarından biri hesab olunur – müasir Ukrayna Konstitusiyasınadək ukraynalıların öz talelərini müstəqil şəkildə müəyyən etmək hüququ uğrunda mübarizəsinin vahid xətti uzanır.

Buna görə də bu gün Ukraynanın Konstitusiya Günü təkcə dövlət bayramı deyil. Bu, azadlığı müdafiə edən və müdafiə etməkdə davam edən hər kəsə minnətdarlıq günüdür, ölkəmizin müstəqilliyi uğrunda canını fəda edənlərin xatirə günüdür və daha yaxşı gələcəyə inam günüdür.

Bu gün ukraynalılar sülhü hamıdan çox istəyirlər, lakin bu sülh ədalətli olmalıdır. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq, lakin sülh dövlətin müstəqilliyi, suverenliyi və ya ərazi bütövlüyü hesabına qurula bilməz. Azərbaycan xalqı bunu bir çox xalqlardan daha yaxşı anlayır.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstəyə görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim. Ukrayna da hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Bu qarşılıqlı dəstək strateji tərəfdaşlığımıza əsaslanan ikitərəfli münasibətlərimizin təməlidir.

Biz genişmiqyaslı Rusiya təcavüzünün ilk günlərindən etibarən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı, eləcə də beynəlxalq hüququn fundamental prinsiplərinə dəstək verən ardıcıl mövqeyini yüksək qiymətləndiririk. Çətin dövrlərdə müstəqilliyə və dövlət suverenliyinə qarşılıqlı hörmətə əsaslanan həmrəylik xüsusi dəyər qazanır. Ukrayna vətəndaşlarımıza ümidini, ləyaqətini və ədalətə inamını qorumağa kömək edən bu dəstəyə görə Azərbaycana minnətdardır.

Konstitusiya Günündə biz müasir demokratik dünyanın əsasını təşkil edən prinsiplərə – azadlığa, insan ləyaqətinə, hüququn aliliyinə və beynəlxalq hüquqa hörmətə sadiqliyimizi bir daha təsdiqləyirik.

Məhz buna görə əminəm ki, Ukrayna Konstitusiyası bu sınaqdan da uğurla çıxacaq. Çünki onu azadlığı seçmiş xalq qoruyur. Və bu xalq heç vaxt öz seçimindən imtina etməyəcək.

Azadlıq, ləyaqət, müstəqillik və xalqın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququ Ukrayna dövlətçiliyinin təməli olub və olaraq qalır. Bu dəyərlər 1996-cı il iyunun 28-də Konstitusiyanın qəbul edildiyi gündə olduğu kimi, bu gün də ukraynalıları birləşdirir. Və mən əminəm ki, məhz onlar ədalətli sülhün bərpasının və Ukraynanın gələcək dirçəlişinin əsasını təşkil edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.