BAYRAQDAR MEDİA – İstanbul Göle Qadın Məclisi və Qadın Kooperativi qadın əməyinin iqtisadi dəyərə çevrilməsi istiqamətində daha bir uğurlu layihəyə imza atıb.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat verib.
Məlumata görə, Kooperativin sədri Türkan Deli Esenyurtda fəaliyyət göstərən, Göleli qadınların əl işlərinin nümayiş olunduğu mərkəzin yenilənmiş konseptini sosial media hesabında ictimaiyyətə təqdim edib: “Həm ailə büdcəsinə dəstək verən, həm də qız uşaqlarının təhsilinə ümid olan bu mərkəz yeni siması ilə böyük maraq doğurub. Esenyurtda Göleli qadınları bir araya gətirən kooperativ artıq təkcə istehsal məkanı deyil, həm də güclü ictimai həmrəylik platformasına çevrilib. Burada qadınlar ənənəvi əl işlərini satışa çıxararaq gəlir əldə edir, əldə olunan vəsait isə yenidən gələcəyin qurulmasına, xüsusilə qız uşaqlarının təhsilinə yönəldilir”.
Yenilənmiş siması ilə fəaliyyətini davam etdirən mərkəz yalnız Gölelilərin deyil, bütün Esenyurt sakinlərinin böyük marağına səbəb olub. Buraya gələnlər həm yerli mədəniyyətə məxsus orqanik və əl istehsalı məhsulları əldə edə, həm də etdikləri hər alış-veriş vasitəsilə bir qız şagirdinin təhsilinə dolayısı ilə dəstək vermiş olurlar.
Göle Qadın Kooperativinin bu təşəbbüsü İstanbulda fəaliyyət göstərən yerli birliklər və kooperativçilik modeli üçün də yeni, müasir və nümunəvi bir yanaşma kimi qiymətləndirilir.






İlk şərhi yaza bilərsiniz