Press "Enter" to skip to content

AZAL Brüsselə uçuşlara başlayır

AZAL Brüsselə uçuşlara başlayır

BAYRAQDAR MEDİA – Azərbaycan Hava Yolları (AZAL) marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “yeni istiqamət üzrə biletlər artıq satışdadır. Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı yaradacaq”.

Ardınca xəbərdə, “Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur. Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.