Burhanettin Duran: “Kommunikasiyanın Əsri” vizyonu ilə fəaliyyətimizi davam etdiririk
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Burhanettin Duran İletişim Başqanlığının yaradılmasının 8-ci ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.
X sosial şəbəkə hesabından yayımlanan təbrik mesajında, B.Duran İletişim Başqanlığının Türkiyənin strateji kommunikasiya potensialını gücləndirməyə və ictimai diplomatiyanı səmərəli şəkildə həyata keçirməyə bundan sonra da davam edəcəyini vurğulayıb.
Duran bildirib ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın vizyonu əsasında 24 iyul 2018-ci ildə yaradılan Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı artıq fəaliyyətinin 8-ci ilini tamamlayır. O, bu münasibətlə qurumun bugünkü səviyyəyə çatmasında əməyi olan bütün əməkdaşlara təşəkkürünü ifadə edib.
Mesajında İletişim Başqanlığının dövlətin köklü mətbuat, yayım və informasiya ənənələrinin institusional irsi üzərində formalaşdırıldığını qeyd edən B.Duran vurğulayıb ki, Başqanlıq Türkiyənin strateji kommunikasiya imkanlarının gücləndirilməsi, ictimai diplomatiyanın səmərəli və vahid yanaşma əsasında həyata keçirilməsi, dövlət qurumları arasında koordinasiyanın təmin olunması, eləcə də xalqla dövlət arasında kommunikasiyanın daha da möhkəmləndirilməsi istiqamətində mühüm vəzifələr yerinə yetirir.
Burhanettin Duran bildirib ki, Kommunikasiya İdarəsi eyni zamanda Türkiyənin haqlı mövqeyini milli və beynəlxalq ictimaiyyətə doğru, operativ və təsirli şəkildə çatdırmaq missiyasını da uğurla davam etdirir.
B.Duran qeyd edib ki, “Türkiyə Əsri” hədəfləri çərçivəsində formalaşdırılan “Kommunikasiyanın Əsri” vizyonu ilə fəaliyyətlərini davam etdirirlər. O vurğulayıb ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həqiqəti əsas götürən, etimad yaradan və innovativ kommunikasiya anlayışı sayəsində Türkiyənin qlobal kommunikasiya gücü, strateji kommunikasiya potensialı və ictimai diplomatiya sahəsindəki təsir imkanları daha da gücləndiriləcək.






İlk şərhi yaza bilərsiniz