
BAYRAQDAR MEDİA bu dəfə Gözəl Azayın Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru, bölgənin və ölkənin dəyərli aydınlarından biri, ictimai fəal və öz dövlətçi-vətənpərvər mövqeyi ilə daim örnək olan Pakizə Mehdiyeva ilə müsahibəsini təqdim edir.
-Pakizə xanım, ömür kitabınıza bir ad versəydiniz, o nə olardı?
-“Dəniz” adı verərdim. Ömür kitabım dənizin dalğalarıtək təlatümlüdür. Bəzən də elə
dəniz kimi sakit, səssiz.
-Pakizə Mehdiyeva adının arxasında necə bir həyat dayanıb?
-Hər insan kimi mənim də öz həyat hekayəm var, təbii ki… Amma klassik həyat hekayəsinin rəsmini çəkmək istəməzdim. Bircə onu bilirəm ki, yol xəritəmdə hər zaman bu faktorlar öndə olub: nəciblik, təəssübkeşlik, məsuliyyət.
-Uşaqlıq və gənclik illərinizdən bəzi xatirələr niyə bu gün də sizinlədir?
-Yaddaşın ən təmiz və gözəl səhifələri o illərə təsadüf etdiyi üçün, yəqin ki. O saf, nağıl dünyam üçün çox darıxıram bəzən…
-Niyə güclü qadınsınız?
-Tarixdən nümunə gətirmək istərdim söhbətimizin bu anında. Tomris də güclü qadın idi. Öz vətəni, xalqı, nəsli qarşısında vəzifələri vardı. Yəni güclü olmaq məcburiyyətdən qaynaqlanır bəzən.
-İnsan özünü daha çox harada tapır: bu gündə, yoxsa qoyduğu izlərdə?
-İnsan özünü öz iç dünyasında tapır, düşünürəm. Yalnız özünə aid olan, paylaşılmayan bir dünyada. Qoyduğun izlər isə sənin özünüifadən və kənar müşahidələrin təsviridir.
-Niyə tarix və mədəniyyət sahəsindəsiniz?
-Əslində, seçdiyim peşə ayrı idi, amma uyğun sahədə və yaxın peşədə çalışmaq qismət oldu. Bəzən düşünürəm, sanki gözəgörünməz bir qüvvə ömür yolumuzu istiqamətləndirir.
-Muzey Pakizə xanım üçün nə deməkdir?
-Həyatımın bir parçasıdır muzey, sözün əsl mənasında… Onunla birgə addımladıq, birgə böyüdük. İzah olunmaz doğmalıq və məsuliyyət… Sadəcə bir fəaliyyət sahəsi olmadı muzey həyatımda. Təəssübünü çəkdiyim, hər zaman beynimin bir bucağında öz əbədi yerini tutmuş bir məfhum oldu. Necə izah edim, bilmirəm.. İnsan övladı üçün necə narahat olursa, bu da həmin hissdir, düşünürəm. Bu sahəyə təsadüfi gəldim, amma o, həyatımın ayrılmaz bir parçasına çevrildi.
-Tarix sadəcə keçmişdirmi, yoxsa bu günümüzün güzgüsüdür?
-Bugünümüz keçmişin güzgüsüdür deyərdim.
-Xaçmaz tarixinin hansı səhifəsi sizi daha çox düşündürür və eyni zamanda qürurlandırır?
-Quzey Azərbaycanın ərazisində yaranmış ilk müstəqil dövlət, qədim dövlətçilik ənənələrinə malik olan Albaniya dövlətidir. Xaçmaz rayonunun ərazisinin (Çola vilayəti) Azərbaycanın ən uzunömürlü dövlətlərindən birinin, güclü diplomatiya və hərb tarixinə malik bu dövlətin tərkibində olması həqiqətən qürurvericidir. Tarix boyu Quzeydən Güneyə və ya əksinə hərəkət edən köçəri tayfaların hücumlarına məruz qalsa da bu torpaqlar öz qədim adət-ənənələrini, etnosunu bu gün də qoruyub saxlayır. Erkən tunc dövrünə aid olan Sərkərtəpə qədim yaşayış məskəni əsrarəngiz 6 yaşam qatı, dairəvi evləri, dini inancları ilə antik dövrün ən maraqlı və dünya əhəmiyyətli abidəsidir. Sərkərtəpə və onun kimi bir çox qədim yaşayış məskənləri və arxeoloji abidələrimizin bərpaya və daha dərin araşdırmalara ehtiyacı vardır. Düşündürücü cəhət məhz bu məqamlardır.
-Keçmişlə gələcək arasında möhkəm körpü qurmaq üçün bu gün bizə ən çox nə çatışmır?
-Tariximizin, milli mədəni irsimizin, maddi və mənəvi dəyərlərimizin layiqincə öyrənilməsi və qiymətləndirilməsi.
-Sizcə, tarix və ədəbiyyatın yolları niyə bu qədər təbii şəkildə kəsişir?
-Tarix və ədəbiyyatın yolları ona görə təbii şəkildə kəsişir ki, hər ikisinin mərkəzində insan dayanır. Tarix baş vermiş hadisələri yaddaşa çevirir, ədəbiyyat isə həmin hadisələrin insan qəlbində yaratdığı duyğuları sözə çevirir. Tarix bizə “Nə baş verdi?”, ədəbiyyat isə “O hadisələri yaşayan insanlar nə hiss etdi?” sualını cavablandırır. Biri zamanın salnaməsidirsə, digəri onun ruhudur. Buna görə də tarix və ədəbiyyat bir-birini tamamlayaraq keçmişi həm öyrədir, həm də yaşadır.
-Ədəbi mühit tarixə nə qazandırır?
-Zəngin bədii irs və onu yaradan görkəmli şəxsiyyətləri.
-“Ocaq” Düşüncə Mərkəzi sizin üçün nə ifadə edir?
-Ədəbiyyatın, poeziyanın, mədəniyyətin ecazkar gücünü…
-Sizcə, bu birliyin Xaçmazın ədəbi-mədəni həyatındakı ən böyük rolu nədən ibarətdir?
-Düşünürəm ki, ədəbiyyat, incəsənət insanların, cəmiyyətin bədii estetik ruhunun formalaşmasında, mədəni tələbatının təmin olunmasında mühüm rol oynayır. Belə birliklər yaradıcı insanları bir araya toplamaqla vahid ortamda bu tələbatın təmin olunmasında, eyni zamanda istedadların üzə çıxarılmasında, tanınmasında, bədii sərvətlərin yaranmasında əvəzsiz rola malikdir.
-Pakizə xanım, şeir səsləndirərkən şairin ruhuna qovuşursunuz, yoxsa öz ruhunuzun səsini dinləyirsiniz?
-Hımmm, maraqlı sualdır.. Düşünürəm ki, öz duyğularımı yaşayıram həmin anda.
-Bəs hansı şairlərin misralarında öz ruhunuzun əks-sədasını daha çox eşidirsiniz?
–Mikayıl Müşfiqin həzin ruhlu şerləri duyğulu anlarımın sirdaşıdır. Füzulinin qəzəlləri eşqin təntənəsidir mənim düşüncəmdə. Habil Rzanurun yaradıcılığı sevginin rəsmini çəkir təsəvvürümdə. Məmməd Qədir, Aqşin Dadaşoğlu, Ramiz Qusarçaylı poeziyası vətənə, torpağa, dənizə, insana sevgini tərənnüm edir.
-Gənc yazarların yaradıcılığında sizi ən çox nə sevindirir və ilhamlandırır?
-Azad düşüncələri, öz poetik ruhlarını sevgi ilə, ürəkdən və səmimi tərənnüm etmələri.
-Həyat yolunuza nəzər salanda ən çox hansı qərarınızla fəxr edirsiniz
-İzninizlə bu sualı cavablandırmayım.
-Gələcək nəsillərə yalnız bir fikir miras qoya bilsəydiniz, bu fikir nə olardı?
-Arzularınızın gerçəyə çevrilməsi sizin əlinizdədir. Bu hüququ heç kimə verməyin, heç nəyə dəyişməyin.














İlk şərhi yaza bilərsiniz