BAYRAQDAR MEDİA – Bakıda Türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyi – Turkic Union of Composers (TUC) yaradılacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.
Bildirilib ki, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması 18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək I Türk Dünyası Bəstəkarları Qurultayının əsas nəticələrindən biri olacaq. Qurultay XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə iştirakı ilə keçiriləcək.
19 sentyabrda Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında TUC-un təsis iclası keçiriləcək. İclas çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.
Yeni birliyin yaradılması türk dünyası ölkələrinin musiqi icmaları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, ortaq musiqi irsinin qorunması və inkişaf etdirilməsinə, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsinə, yaradıcılıq mübadiləsinin təşviqinə və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliğinə xidmət edəcək.
TUC-un yaradılması ilə bağlı I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransı da 19 sentyabr 2026-cı ildə saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçiriləcək.










İlk şərhi yaza bilərsiniz