BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin həyata keçirilən və planlaşdırılan bir sıra layihələr müzakirə olunub. Görüş zamanı “Universal International Holdings Limited” şirkətinin Qobustan rayonunda inşa etdiyi 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin Azərbaycanın bərpa olunan enerji potensialından səmərəli istifadəyə və enerji keçidi üzrə qarşıya qoyulan hədəflərə çatılmasına töhfə verəcəyi bildirilib”.
Ardınca xəbərdə, “eyni zamanda, Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan Azərbaycanda elektrik enerjisi şəbəkəsinin tədqiqatına da toxunulub. Tədqiqatın nəticələrinin Azərbaycanın enerji sektorunun gələcək inkişafı baxımından mühüm rol oynayacağı qeyd edilib. Bununla yanaşı, Çində keçiriləcək “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq da nəzərdən keçirilib, Azərbaycan-Çin enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz