BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin (MN) Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Azərbaycan, Macarıstan və Qazaxıstan Müdafiə nazirlikləri arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əvvəlcə qonaqlara MN-in Kommunikasiya Strategiyası, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı informasiya təminatı, dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb”.
Daha sonra xəbərdə, “sonra nümayəndə heyətlərinə MN tərəfindən həyata keçirilən informasiya, kommunikasiya, hərbi-mülki əməkdaşlıq (CIMIC), ictimaiyyətlə əlaqələr, nazirliyin rəsmi sosial media platformaları, eləcə də vətəndaş müraciətləri sahəsində görülən işlərlə bağlı brifinqlər təqdim edilib. Görüşdə, həmçinin hər üç ölkənin ordusunda strateji kommunikasiya işinin, informasiya fəaliyyətinin və hərbi-mülki əməkdaşlığın təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, ölkələr arasında hərbi informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib” deyə bildirilir.
Daha sonra nümayəndə heyətləri Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.






İlk şərhi yaza bilərsiniz