BAYRAQDAR MEDİA – İğdır və Doğubayazıtdan olan 18 dağçı Tendürək dağındakı aktiv vulkan bacalarından birinə çətin ekspedisiya həyata keçirib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, Bazit Dağçılıq və Təbiət İdmanları Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə İğdır və Doğubayazıtdan 18 dağçı iştirak edib. Komanda təxminən 3 200 metr yüksəklikdə yerləşən Tendürək dağına qalxıb. Çətin marşrutu keçən dağçılar kükürd qazı çıxışının müşahidə olunduğu və yerli əhali tərəfindən “Cəhənnəm çuxuru” adlandırılan vulkan bacasına eniblər. Onlar burada bölgənin təbii və vulkanik quruluşunu yaxından araşdırmaq imkanı əldə ediblər. Dağçılar daha əvvəl həyata keçirilməmiş bir fəaliyyətə imza atdıqlarını bildirərək “Cəhənnəm çuxuru”nun daxilində təxminən iki saat vaxt keçiriblər.
Ekspedisiya zamanı onlar burada yemək yeyib, daha sonra qəhvə içərək istirahət ediblər. Təşkilatçılar tədbirin Tendürək dağının təbii gözəlliklərinin və vulkanik xüsusiyyətlərinin tanıdılmasına töhfə verəcəyini bildiriblər.






İlk şərhi yaza bilərsiniz