Son yeniləmə: 11 Oktyabr 2026
BAYRAQDAR MEDİA – Akdeniz Universitetinin rektoru professor Özlenen Özkan su böhranına diqqət çəkmək məqsədilə keçirilən mətbuat konfransında su ehtiyatlarının qorunmasına çağırıb. O bildirib ki, su qıtlığı səhiyyə, kənd təsərrüfatı, turizm və gələcək nəsillərin yaşayışı üçün ciddi təhlükə yaradır.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Rektorun sözlərinə görə, Antalyada əhalinin sayı ilə yanaşı turistlərin çoxluğu da su ehtiyatlarına təzyiqi artırır. Səmərəsiz suvarma, yeraltı suların həddindən artıq istifadəsi və dəniz suyunun şirin su ehtiyatlarına qarışması problemin dərinləşməsinə səbəb olur. Özkan kənd təsərrüfatında qapalı suvarma sistemlərinə keçidin, su itkilərinin azaldılmasının, turizm və sənayedə suyun daha səmərəli istifadəsinin vacibliyini vurğulayıb.
Universitetdə Su İnstitutunun yaradılması üçün işlərə başlanıldığını bildirən rektor, ağıllı kənd təsərrüfatı və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində də layihələrin hazırlandığını qeyd edib. Universitetin müvafiq mərkəzinin rəhbəri professor İbrahim Ethem Karadirek isə Türkiyədə yeraltı su potensialının 2017-ci ildəki 2,4 milyard kubmetrdən 2026-cı ildə 1,7 milyard kubmetrə düşdüyünü açıqlayıb. O, iqlim dəyişikliyi, əhali artımı və şəhərləşmənin su ehtiyatlarına təsirini vurğulayaraq suya qənaətin əsas prioritetə çevrilməli olduğunu bildirib.






İlk şərhi yaza bilərsiniz