BAYRAQDAR MEDİA – Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında son 10 gün ərzində üç azyaşlı pasiyent üzərində mürəkkəb cərrahi əməliyyatlar icra olunub.
Uzman uşaq cərrahı Araz Hüseynov tərəfindən yenidoğulmuş körpələrdən birində diafraqmal yırtıq, digərində isə anal atreziya ilə əlaqədar əməliyyat aparılıb. Digər cərrahi müdaxilə isə hipospadiyanın ağır forması – penoskrotal hipospadiya diaqnozu təyin olunmuş azyaşlı üzərində icra edilib.
Diafraqmal yırtıq qarın boşluğundakı orqanların diafraqmadakı qüsur vasitəsilə döş qəfəsinə keçməsi ilə xarakterizə olunan və yenidoğulmuşlarda tənəffüsə ciddi təsir göstərə bilən anadangəlmə patologiyadır. Anal atreziya düz bağırsaq və anal dəliyin inkişaf qüsuru ilə xarakterizə olunan anadangəlmə patologiyadır. Penoskrotal hipospadiya isə sidik kanalının xarici dəliyinin normal anatomik mövqedən aşağıda, penis ilə xayalıq arasındakı nahiyədə yerləşdiyi hipospadiyanın ağır formalarından biridir.
Qeyd olunan patologiyaların hər biri xüsusi cərrahi yanaşma, dəqiqlik və peşəkarlıq tələb edir. Əməliyyatlar uğurla başa çatdırılıb. Hazırda azyaşlı pasiyentlərin vəziyyəti həkimlərin nəzarətindədir.






İlk şərhi yaza bilərsiniz