BAYRAQDAR MEDİA – Sentyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Prof. Mobil Əhmədovun anadan olmasının 95 illiyi ilə əlaqədar “Ustadımın yolu ilə. Operetta inciləri” adlı konsert keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sənətkarın layiqli davamçısı Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımovun və Musiqili Teatrın kollektivinin təşəbbüsü ilə keçirilən konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tədbirdə Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək M.Əhmədovun həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər”.
Ardınca xəbərdə, “yubiley gecəsində əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, vokal artistləri Eleanora Mustafayeva, Aydan Həsənova, eləcə də teatrın xor kollektivi iştirak edib. Tofiq Quliyev, Arif Məlikov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Azər Rzayev, Tofiq Quliyev, Əşrəf Abbasov, P.Bülbüloğlu və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərlərindən seçilmiş ariya və duetlərin səsləndirildiyi, sənətkarın zəngin irsinə ehtiramın ifadəsi olan konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda M.Əhmədovun qızı çıxış edərək atasının xatirəsinə həsr olunmuş konsertin təşkilatçılarına minnətdarlığını bildirib” deyə qeyd olunur.





