Press "Enter" to skip to content

Məktəbdə geyim mədəniyyəti də məktəb mədəniyyətinin bir hissəsidir

Nadir Azəri

BAYRAQDAR MEDİA – “Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq etməsini məktəb mühitində vahid və sağlam mədəniyyətin formalaşdırılması baxımından daha bir əhəmiyyətli addım hesab edirəm. Burada söhbət müəllimlər üçün vahid forma tətbiqindən deyil, onların geyimində təmizlik, səliqə, sadəlik və işgüzarlıq kimi ümumi prinsiplərin müəyyən edilməsindən gedir”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

O, qeyd edib ki, məktəbdə şagirddən müəyyən olunmuş qaydalara əməl etmək tələb olunursa, müəllimin də həmin məktəb mədəniyyətinin əsas nümunəverici şəxsi olması təbiidir: “Müəllim yalnız dərs deyən insan deyil, həm də davranışı, ünsiyyəti və xarici görünüşü ilə şagirdə nümunə olan şəxsdir. Bu baxımdan müəllimlərin işgüzar geyim tələblərinə əməl etməsi məktəbdə nizam-intizamın və peşəkarlıq mühitinin daha da möhkəmlənməsinə töhfə verə bilər”.

İctimai Birlik sədrinin sözlərinə görə, qərarın diqqətçəkən tərəflərindən biri də müəllim geyiminin şagirdlərin diqqətini yayındırmaması və onların geyimə, üsluba, müxtəlif situasiyalara uyğun seçimə düzgün münasibətinin formalaşmasına xidmət etməsinin nəzərdə tutulmasıdır: “Əslində, məktəbdə tərbiyə yalnız dərsliklər və müəllimin verdiyi biliklərlə məhdudlaşmır. Şagird müəllimin davranışından, ünsiyyətindən, məsuliyyətindən və ümumi görünüşündən də müəyyən nümunələr götürür. Ona görə də məktəbdə qaydaların yalnız şagirdlər üçün müəyyənləşdirilməsi deyil, həmin qaydalara böyüklərin də əməl etməsi mühüm əhəmiyyət daşıyır. Müəllimin öz davranışı ilə nümunə göstərməsi şagirdin qaydalara münasibətinin formalaşmasına da təsir edir. Bu baxımdan qəbul edilən tələbləri yalnız geyim məsələsi kimi deyil, məktəbdə peşəkarlıq, intizam, qarşılıqlı hörmət və sağlam təhsil mühitinin möhkəmləndirilməsinə yönəlmiş yanaşma kimi qiymətləndirmək olar. Nəticə etibarilə, məktəbdə geyim mədəniyyəti təkcə xarici görünüş məsələsi deyil. Bu, məktəb mühitində formalaşdırılmaq istənilən ümumi davranış və məsuliyyət mədəniyyətinin də bir elementidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.