Press "Enter" to skip to content

Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə SN tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirilib. Səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya 2026-cı il oktyabrın 21-dən başlanılması nəzərdə tutulur. Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir”.

Daha sonra xəbərdə, “mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir. SN əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb. Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.