Həyat xilas edən və Ukraynaya işıq bəxş edən enerji
Yuriy HUSYEV, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
BAYRAQDAR MEDİA – Qışın yaxınlaşması ilə Ukraynanın şəhər və regionları yenidən ciddi sınaq qarşısında qalır. Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən qarşıdan gələn qış ölkənin müstəqillik tarixində ən çətin qış mövsümlərindən biri ola bilər.
Cəbhədə arzuladığı nəticələrə nail ola bilməyən Rusiya Ukraynanın mülki əhalisinə qarşı sistemli terrorunu davam etdirir, enerji infrastrukturuna məqsədyönlü zərbələr endirir. Məqsəd milyonlarla ukraynalını işıqsız, istiliksiz və susuz qoymaq, qışın şaxtasını müharibə silahına çevirməkdir. Hər hücumun arxasında insan taleləri, uşaqların, xəstəxana pasiyentlərinin və istiliklə elektrik enerjisinin həyatda qalmaq məsələsi olduğu milyonlarla ailənin həyatı dayanır.
İlk növbədə, Ukraynaya göstərdiyi mühüm enerji yardımına görə Azərbaycan Respublikasının ali rəhbərliyinə, Hökumətinə və xalqına səmimi minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın Ukraynaya göndərdiyi transformatorlar, elektrik panelləri və naqillər də daxil olmaqla enerji avadanlıqları zədələnmiş enerji infrastrukturunun bərpasına, Ukrayna icmalarının elektrik enerjisi ilə təchizatının yenidən təmin olunmasına və enerji sistemimizin yeni çağırışlar qarşısında dayanıqlığının gücləndirilməsinə kömək edir. Dövlətimiz üçün son dərəcə çətin olan bu dövrdə Azərbaycanın göstərdiyi dəstəyi və Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk.
Ötən il Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın təşəbbüsü olan «Ukrayna üçün istilik» layihəsi çərçivəsində həssaslıq nümayiş etdirən insanların, şirkətlərin və təşkilatların dəstəyi ilə müxtəlif gücə malik 67 generatorun toplanaraq Ukraynaya göndərilməsi mümkün oldu. Generatorlar Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin, Kiyev və Xerson şəhərlərindəki xəstəxanaların, eləcə də Kiyev və Jitomir vilayətlərinin icmalarının ehtiyacları üçün ayrıldı.
Bunlar sadəcə generatorlar deyildi. Onlar tibb işçilərinin pasiyentləri müalicə etməyə davam etməsi, xilasedicilərin öz vəzifələrini yerinə yetirməsi, icmaların isə elektrik enerjisinin kəsildiyi vaxtlarda belə həyati əhəmiyyətli obyektlərin fəaliyyətini təmin etməsi üçün imkan demək idi.
Ötənilki təşəbbüs dostlarımızın və tərəfdaşlarımızın həmrəyliyinin insanları isidən, dəstəkləyən və həyatları xilas edən real yardıma necə çevrildiyinin parlaq nümunəsi oldu.
Bu il Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi «Həmrəylik enerjisi» adlı yeni layihə çərçivəsində bu işi davam etdirir.
Artıq 20-yə yaxın generator toplamışıq. Onların hər birinin arxasında bir insanın laqeyd qalmaması, biznes nümayəndələrinin məsuliyyəti və ya bu gün Ukraynada yardıma ən çox ehtiyacı olan insanlara dəstək göstərməyə hazır olan təşkilatın iradəsi dayanır.
Lakin məqsədimiz daha böyük işlər görməkdir. Qarşıdan qış gəlir və avtonom elektrik enerjisi mənbələrinə ehtiyac hələ də kəskin olaraq qalır. Ukraynanın Uşaqların İşləri üzrə Dövlət Xidmətindən, Xarkov şəhər administrasiyasından və bir sıra təşkilatlardan müxtəlif gücə malik generatorlara ehtiyacla bağlı müraciətlər almışıq. Generatorlar xəstəxanalara, xilasedicilərə, sosial infrastruktur obyektlərinə və ən qaranlıq günlərdə, ən çətin şəraitdə belə insanların əsas ehtiyaclarını təmin etməli olan icmalara lazımdır.
Hər bir generator avadanlıqdan daha artıq məna daşıyır. Bu, işığa ən çox ehtiyac duyulan yerdə işıq, həmçinin Ukraynadakı insanların sınaqları ilə təkbaşına üz-üzə qalmayacaqlarına dair əminlik deməkdir.
Biznes nümayəndələrinə, beynəlxalq tərəfdaşlara, şirkətlərə, ictimai təşkilatlara, xeyriyyəçilərə və laqeyd qalmayan bütün insanlara «Həmrəylik enerjisi» təşəbbüsünə qoşulmaq xahişi ilə müraciət edirəm.
İstənilən yardım önəmlidir. Bu, müvafiq gücə malik generatorun təqdim edilməsi, onun alınması üçün maliyyə dəstəyi göstərilməsi və ya ianə toplama kampaniyasının təşkilinə kömək ola bilər. Biz əməkdaşlığa açığıq və hər bir töhfənin mümkün qədər tez Ukraynadakı insanlara real dəstəyə çevrilməsi üçün səyləri əlaqələndirməyə hazırıq.
Eyni zamanda, Rusiya qadağan olunmuş kimyəvi müharibə vasitələrindən də istifadə edir və bununla bağlı sənədləşdirilmiş sübutlarımız mövcuddur. Buna baxmayaraq, Rusiya yenidən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurasına namizədliyini irəli sürməklə həyasızcasına çıxış edir. Bu, beynəlxalq hüquqa, onun əsaslandığı prinsiplərə və Təşkilatın fəaliyyətinin təməlini təşkil edən dəyərlərə açıq meydan oxumaqdır.
Əminik ki, beynəlxalq ictimaiyyət Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının məqsəd və prinsiplərinə zidd hərəkətlər edən dövlətin KSQT-nin rəhbər orqanına seçilməsinə növbəti dəfə imkan verməyəcək. Beynəlxalq institutlar beynəlxalq hüquq pozuntularını legitimləşdirmək vasitəsinə çevrilməməli, bəşəriyyəti müdafiə etməlidir.
Azərbaycan və Ukraynanı uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və ən ağır sınaqlar zamanı insan həmrəyliyinin dəyərini anlamaq birləşdirir. Humanitar təşəbbüslərimizə artıq qoşulmuş və bu çətin dövrdə Ukraynaya dəstək göstərən hər kəsə səmimi minnətdarlığımızı bildiririk. Əminəm ki, birlikdə daha çox iş görə biləcəyik.
Bu gün Ukraynaya yardım mücərrəd dəstək jesti deyil. Bu, insanların həyatını qorumaq, həyati əhəmiyyətli müəssisələrin fəaliyyətini təmin etmək və insanlara qışı geridə qoymaqda kömək göstərmək üçün konkret imkandır.
Yardım göstərmək imkanı olan hər kəsi «Həmrəylik enerjisi» təşəbbüsünə qoşulmağa çağırıram.
Yardımın əlaqələndirilməsi, əlavə məlumatın əldə edilməsi və mümkün dəstəyin razılaşdırılması üçün Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamağınızı xahiş edirik:
Telefon: +994 50 255 75 18
E-poçt: emb_az@mfa.gov.ua
Bu gün səylərimizi birləşdirərək qarşıdan gələn qışda Ukraynaya daha çox işıq, istilik və ümid bəxş edə bilərik.





İlk şərhi yaza bilərsiniz