BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, ölkəmizdə də kifayət qədər azarkeşi olan Türkiyənin Beşiktaş komandası ilə İsrailin Hapoel Ber-Şeva komandası Gürcüstanda qarşılaşdı. Burada ilk diqqət çəkən məqam normal şəraitdə Beşiktaşın ev sahibliyində, İstanbulda keçirilməli olan oyunun Gürcüstanda təşkil edilməsidir. Çünki İsrail tərəfi UEFA-ya müraciət edərək qarşılaşmanın başqa ölkədə keçirilməsini tələb etmiş, İsrailə hər platformada açıq dəstək verən UEFA isə bu tələbi qəbul edərək oyunun Gürcüstanda keçirilməsinə qərar vermişdi.
Burada bir haşiyə çıxmaq istəyirəm. Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Rusiyanı bütün futbol turnirlərindən uzaqlaşdıran UEFA-nın İsrailin Qəzzada günahsız insanlara qarşı törətdiyi qətliamlara baxmayaraq, İsrailə qarşı heç bir tədbir almaması ciddi suallar doğurur. Əslində, biz bu ikili standartlara yad deyilik. Eyni UEFA ermənilərin Qarabağda bizə qarşı törətdikləri hadisələr zamanı da Ermənistanın ünvanına “güldən ağır” bir söz deməmişdi.
Mövzuya qayıdaq. Gürcüstanın Batumi şəhərində 26 noyabr tarixində keçirilən oyun zamanı Beşiktaş azarkeşlərinin Fələstin bayrağını qaldırmaları və Fələstinə dəstək şüarları səsləndirmələrinə Gürcüstan polisi sərt müdaxilə etdi. Ev sahibi mövqeyində olan Türk azarkeşlərinə qarşı həyata keçirilən bu müdaxilə, xüsusilə də dəyənək və bibər qazından istifadə olunması, böyük narazılıq doğurdu. Gürcüstan polisi əliyalın insanlara qarşı xüsusi amansızlıq nümayiş etdirdi. Məni burada təəccübləndirən əsas məqamlardan biri də Gürcüstan polisinin bu qəddarlığına bizim bəzi sosial şəbəkə istifadəçilərinin dəstək verməsi, hətta öz soy-kökündən xəbərsiz olan bəzi şəxslərin irəli gedərək Türk azarkeşlərini, ermənilərin də etdiyi kimi, “Türk milləti” ifadəsi ilə təhqir etməsidir. Bunu edən insanların ya soyunda, ya da xarakterində bir naqislik olduğunu düşünməmək mümkün deyil.
Gəlin, məsələnin başqa bir tərəfinə də nəzər salaq.
Birincisi, əgər Fələstin bayrağının açılması ilə bağlı belə bir qadağa var idisə, həmin bayraqlar stadiona necə daxil edildi?
İkincisi, Avropanın digər ölkələrində keçirilən oyunlarda, dəfələrlə hətta bu həftənin özündə belə Fələstin bayraqları açılıb, İsrail əleyhinə şüarlar səsləndirilib. Ancaq heç kim buna görə azarkeşlərə müdaxilə etməyib.
Bu məsələ bizə də yad deyil. Mən dəfələrlə şahid olmuşam ki, Azərbaycan və Kipr oyunlarında bizim azarkeşlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağını dalğalandırarkən, Rum kiprlilər isə uydurma “Arsax”ın bayrağını nümayiş etdiriblər. Heç kim bu şəkildə müdaxilə etməyib. Eyni şəkildə, beynəlxalq oyunlarımızda da heç bir dövlət tərəfindən tanınmayan, uydurma “Arsax”ın bayrağı stadionlarda nümayiş etdirilib, hətta dron vasitəsilə meydançanın üzərində gəzdirilib. Buna baxmayaraq, heç bir qadağa və ya ciddi müdaxilə ilə qarşılaşılmayıb. Ancaq məsələ bu gün Gürcüstanda, Gürcüstanın özü də daxil olmaqla dünyanın bir çox ölkəsi tərəfindən tanınan Fələstinin bayrağına gəldikdəmi problem yaranır?
Məsələni bir kənara qoyaq. Beşiktaşın İstanbulda keçirilməli olan oyununun qonşu və güvəndiyi Gürcüstana verilməsi, bu gün isə Gürcüstan polisinin Türk azarkeşlərinə qarşı belə bir münasibət göstərməsi bu inamın yerə vurulmasıdır.
Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və öz qaydaları var. Bu qaydalar bəhanə gətirilərək baş verənlər ört-basdır edilə bilər. Ancaq Gürcüstan unutmamalıdır ki, onun qonşusu və iqtisadi baxımdan əsas tərəfdaşlarından biri, dünyaya açılan quru qapısı İsrail deyil, Türkiyədir.
Yazımızı Türkiyədə məşhur olan bir atalar sözü ilə yekunlaşdıraq:
“Keser döner, sap döner, gün gelir hesap döner.”






İlk şərhi yaza bilərsiniz