Press "Enter" to skip to content

Yeddi Dövlət – Bir Millət zamanı gəldimi? Gəldi! – VİDEO

Son yeniləmə: 1 Aprel 2021 11:31

Azər HƏSRƏT, @azerhasret

İllərcə gözlədik, inandıq. Bildik ki, gün gələcək, tək bayraq altında toplaşacağıq!

O gün gəldi! 31 mart 2021-ci il Türk Dünyası üçün ən əlamətdar bir gün oldu! Türk dövlət başqanları tək bayraq altında toplandılar! Rəsmən belə oldu! Həm də çevrimiçi (onlayn) görüşmə bunu bütün dünyaya tam çılpaqlığı ilə göstərdi!

Dünya türklərin birləşmə əzminin gerçək olduğuna şahidlik etdi. 31 martda çevrimiçi toplaşan Türk Keneşi üzvü ölkələrin başçıları öz dövlətinin bayrağıyla yanaşı ortaq mavi, ay-ulduzlu bayrağımızı da başları üzərinə yüksəltdilər!

Bütün dünya gördü bunu. Lakin daha önəmlisi odur ki, biz gördük! Bəli, məhz bizim bu günləri görməyimiz daha diqqətəlayiqdir.

Böyüklərimiz – mürşidlərimiz yüzillər öncə bu milləti bölənlərə qarşı dirəndilər, davamızı yüzillərin ötəsindən bu günümüzə daşıdılar, bizə əmanət etdilər. Biz də əmanəti layiqincə qəbul edib irəlilətmək üçün çalışdıq.

Yolumuzda kimlər dolaşmadı ki, əl-ayağımıza? Hər cür pislik qarşımızı kəsmək istədi. Bizi usandırmaq, yolumuzdan çəkindirmək, sındırmaq istədilər. Şəxsimiz, ailə üzvlərimiz, bizimlə dostluq edən, quruca salam verən hər kəsə qarşı bütün cəbhə boyu kampaniyalar təşkil etdilər. Amma biz bir addım belə geri atmadıq. Biz ideallarımıza sonadək inandıq və budur, gözlədiyimiz o sonuc masadadır artıq!

Tam 140 il öncə Türk Dünyasının ortaq dil, fikir və iş birliyinin memarı İsmayıl Gaspıralı nə deyirdi? O böyük İnsan deyirdi ki, “Dildə, Fikirdə, İşdə Birlik!”

Bu gün biz o müqəddəs birliyin tam da qapısının önündəyik! Qapını açıb içəri girməyimiz an məsələsidir.

Çevrimiçi Türk Zirvəsi Qazaxıstanın Türkistan şəhərini Türk Dünyasının mənəvi başkəndi olaraq bəlirlədi. Artıq başkəndimiz var!

Zirvədə heç kim işğalçı imperiya dili olan ruscada kəlmə belə kəsmədi! Hər kəs öz dilində – türkcənin ayrı-ayrı qollarında danışdı. Dünya anlasın deyə ingiliscəyə çevrildi çıxışlar. Bu isə o deməkdir ki, tam da başımızın üzərində durmağa alışmış Rusiya özünün təkəbbürü üzündən mövqelərini əldən vermək zorundadır!

Sonra təklif səsləndi ki, bundan sonra qurumun rəsmi adı Türk Dövlətləri Birliyi olaraq dəyişdirilsin. Məsələyə bu ilin payızında Türkiyədə keçiriləcək Zirvədə baxılacaq! Əla! Belə olması lazım! Biz məhz Türk Dövlətləri Birliyi istəyirik!

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının arasına xəncər kimi saplanmış Zəngəzur haqqında danışması isə bir başqaydı! Aradan keçmiş 100 il sonra biz o yanlışı düzəldəcəyimizi əminliklə dilə gətiririk! Yüz il öncəki siyasi proseslər üzündən Azərbaycandan qoparılmış Zəngəzurun geri dönüşü Türk Dünyasının quru yollarının tamlaşması deməkdir!

Gözəl gündü 31 mart 2021! Bütün dünya birlik əzmimizi bir daha və aydın şəkildə gördü! Dövlət başqanlarımız göstərdi bunu! Onların heç biri bu məsələdə tərəddüd etmir! Heç biri bu birlikdən yan keçmək fikrində deyil!

Bir zamanlar “İki Dövlət – Bir Millət” deyə başlamışdıq yola. Sonra “Yeddi Dövlət – Bir Millət” dedik. Bəzən bizim bu deyimimizi xəyal kimi görənlər oldu. Amma biz onu xəyal etmirdik, gerçək olacağını görürdük! Yanılmadıq! Yanıltmadı bizi güvəndiyimiz dövlət böyüklərimiz!

Həllini gözləyən başqa məsələlərimiz də var. Lakin başlar üzərində tək bayrağın yüksəlməsi artıq həll edilə bilməyəcək heç bir məsələnin qalmadığının sübutudur! Bayraq təksə hər qayəmiz tək olacaqdır! Əlifbamız, dilimiz, hələ günün birində dövlət sınırlarımız belə bir bütünün içinə alınacaqdır!

Var olmanın, davamlı olmanın tək yolu da budur: Türk Dövlətləri Birliyi! Biz o birlik üçün nələrimizdən keçməzdik?

Bir də yavru Vətən Kuzey Kıbrısımız bu yoldan kənar tutulmamalı. Dünya onu tanımır? Tanımasın! Biz tanıyırıq! Rəsmi tanıma problem yarada bilər? Onun da çıxış yolu var! Ona görə də bir sonrakı zirvədə Kuzey Kıbrıs Türk Cümhuriyyəti də öz Cumhurbaşqanıyla masa arxasında olmalı. Biz türklər bunu istədiyimiz halda dünyanın hesablaşmamaq kimi bir şansı yox!

Sonda: Yazıya 3 iyul 2010-cu ildə Türkiyənin Bursa şəhərində gerçəkləşdirdiyimiz Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı açılış çıxışımızı da əlavə edirik. Tarixdir bu da.

Dədəli, Xaçmaz

Mission News Theme by Compete Themes.