Press "Enter" to skip to content

Nəsibə Zeynalova – 105. Səhnəmizin qaynanasının doğum günüdür

Bayraqdar.info – Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 105-cü ildönümü tamam olur.

Səhnəmizin qaynanası Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub. Atası Kərbəlayı Cahangir Bakıda doğulub, tanınmış tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni-bolşevik dəstələri Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra vəfat edib. Atası vəfat edəndə balaca Nəsibənin iki yaşı olub. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdırıb.

Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım və Kələk xanım kimi xarakterik səhnə obrazlarını yaradıb. Aktrisanın tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale, Ziraldina, Zivər xanım, Qesiya, Gülbadam rollarının xüsusi yeri var.

Rollarından xüsusilə Cənnət xala, Nargilə, Züleyxa zəngin ifadə vasitələri, incə yumoru ilə səhnəmizin nadir incilərindən sayılır. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kinoda yaratdığı Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları dillər əzbəridir.

Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının Qızıl Fonduna daxil edilib.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə, Nəsibə xanım 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

1974-cü ildə yaratdığı “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adı alıb.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldə bilirdi.

Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası, Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Nəsibə Zeynalova hamının sevimlisi idi. Onu sevməyən insan yox idi. Yaratdığı səhnə şirinliyi ilə tamaşaçılarının böyük sevgisini qazanmışdı. Onun çəkildiyi filmlər hər zaman sevgi və maraqla izlənilir. Aktrisa sevənlərinin qəlbində əbədi yaşayacaq.

Bayraqdar.info: Bilgilər açıq mənbələrdən götürülb.

Mission News Theme by Compete Themes.