Press "Enter" to skip to content

“İrəli” bir sıra tədbirlər keçirib

Son yeniləmə: 12 Dekabr 2021 18:48

Bayraqdar.info – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “İrəli” İctimai Birliyi tərəfindən bir sıra tədbirlər keçirilib.

İctimai Birlikdən bayraqdar.info-ya verilən məlumata görə, bu tədbirlər çərşivəsində “İrəli” gəncləri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Eləcə də Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.

Müstəqil Azərbaycan dövlətinin banisinin əziz xatirəsi Lənkəran şəhərində keçirilən “İZ” gənclər düşərgəsində də yad edilib. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində Birliyin nümayəndələri və düşərgə iştirakçıları Ümummilli liderin Lənkəran şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

“İZ” gənclər düşərgəsi iştirakçıları AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı ilə görüşüblər. Ulu öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası mövzusunda, diskussiya formatında keçən görüşdə Ümummilli liderin əsasını qoyduğu dövlət siyasəti və ölkəmizin inkişafında rolu haqqında məlumatlar verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.

“İrəli” gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası da təşkil olunub. Ulu öndərin adını daşıyan Mərkəzdə gənclərə Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib. Ümummilli liderin həyat yolundan danışılaraq bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri qalib xalqın nümayəndələri kimi bütün sahələrdə özlərini doğruldurlar.

Qeyd olunub ki, Ulu öndər 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə edib. Onun “Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” – sözləri hər kəsin həyat devizinə çevrilib.

Anım günündə Tvitter və Facebook sosial şəbəkə hesablarından Ümummilli liderin həyat fəaliyyəti, tarixə düşən kəlam və ifadələri həştaqlar vasitəsi ilə paylaşılıb.

Mission News Theme by Compete Themes.