Press "Enter" to skip to content

Vüqar İskəndərov: Azərbaycan gəncliyi ötən müddətdə uğurlu inkişaf yolu keçib

Vüqar İskəndərov

Bayraqdar.info – “Dövlət tərəfindən göstərilən diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi ötən müddətdə uğurlu inkişaf yolu keçib”.

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycanda hər il fevralın 2-si tarixinin Gənclər Günü kimi qeyd edildiyini deyən deputat bunun gənclərə xüsusi dəyərin nümunəsi olduğunu bildirib: “Azərbaycan nadir ölkələrdəndir ki, təqvimdə gənclərlə bağlı gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də həyata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur. Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi, Gənclər və İdman Nazirlyinin yaradılması, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çöxsaylı dövlət proqramlarının həyata keçirilməsi, həmçinin Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir”.

V.İskəndərov bütün sahələrdə önə çıxan Azərbaycan gənclərinin eyni zamanda vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqləndiyini də vurğulayıb. Qeyd olunub ki, biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduq: “Məlum olduğu kimi cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı. Onu da deyim ki, 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri məhz ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi”.

Mission News Theme by Compete Themes.