Press "Enter" to skip to content

Bizim də səbrimizin bir həddi var

Naqif Həmzəyev

Son yeniləmə: 11 İyun 2022 11:22

Naqif Həmzəyev: Ermənistan ona təklif edilən sülh razılaşmasını imzalamaq əvəzinə bu cür təxribatları davam etdirərsə, yenidən bizim sərt üzümüzü görəcək

Bayraqdar.info – “Artıq bir müddət idi ki, Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə qanunsuz səfərləri qeydə alınmırdı. Ancaq sülh prosesinə dair addımların atıldığı bir vaxtda Ermənistan Baş prokurorunun Azərbaycan ərazisinə qanunsuz səfər etməsi və qondarma qurumun “nümayəndəsi” ilə görüşməsi onların nə dərəcədə qeyri-səmimi olduqlarını bir daha nümayiş etdirir”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistan Baş prokurorunun iyunun 8-də Azərbaycan ərazisinə qanunsuz səfər etməsini və qondarma qurumun “nümayəndəsi” ilə görüşməsini bayraqdar.info üçün şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu cür addımlar ondan xəbər verir ki, Ermənistan yenidən sülh prosesini yubatmaq və prosesləri öz xeyrinə dəyişmək üçün vaxt qazanmaq istəyir: “Ancaq hər kəs bunu yaxşı bilir ki, proseslərin uzanması ilk növbədə Ermənistanın özünün əleyhinə işləyir. Təbii ki, hadisələrin bu cür inkişafı Azərbaycanı da qətiyyən qane edə bilməz. Azərbaycan bununla qətiyyən barışmayacaq və bizim də səbrimizin bir həddi var”.

Ermənistan rəhbərliyini hadisələri ağıllı başla dəyərləndirməyə səsləyən deputat qeyd edib ki, əks halda bu ölkəni yeni fəlakətlər gözləyir: “Dəfələrlə vurğulandığı kimi, Ermənistan Azərbaycanın sülh təklifini yaxşı-yaxşı dəyərləndirməli, ağıllı qərarlar qəbul etməlidir. Əks halda onlar bilməlidirlər ki, bu təklif uzun müddət cavabsız qala bilməz. Ermənistan ona təklif edilən sülh razılaşmasını imzalamaq əvəzinə bu cür təxribatları davam etdirərsə, yenidən bizim sərt üzümüzü görəcək. Ermənistanın təxribatlarına qarşı Azərbaycanın dəmir yumruğu yenidən işə düşəcək. Özü də bu dəfə dəmir yumruq bədnam qonşularımız üçün daha ölümcül olacaq”.

N.Həmzəyev bildirib ki, bu cür qanunsuz səfərlərə görə bölgədəki Rusiya sülhməramlıları da məsuliyyət daşıyır: “Görünən odur ki, Rusiya sülhməramlıları bu qanunsuz səfər barədə öncədən Azərbaycan tərəfinə məlumat verməyib. Halbuki onlar bu cür səfərlərlə bağlı öncədən Azərbaycanın müvafiq qurumlarına məlumat verməyə borcludurlar. Digər tərəfdən, bu cür təxribatlar davam edərsə və Rusiya sülhməramlıları da yumşaq desək buna göz yummaqda davam edərsə o zaman Azərbaycan daha sərt addımlar atacaq. Heç şübhəsiz bu təxribatların qarşısını almaq üçün Laçın koridoruna tam nəzarətin Azərbaycan tərəfinə keçməsi və Ermənistanla bütün quru yolu əlaqələrinin kəsilməsi artıq aktuallaşır. Buna görə də bir daha deyirəm ki, Ermənistan tərəfi yaxşı-yaxşı düşünməli, ağıllı qərarlar qəbul etmək üçün özündə güc tapmalıdır”.

Mission News Theme by Compete Themes.