Press "Enter" to skip to content

General: Tarixdə analoqu olmayan anlaşma

Dr. Yücel Karauz

Son yeniləmə: 15 İyun 2022 10:49

Dr. Yücel Karauz: Şuşa Bəyannaməsi dostluq, qardaşlıq və strateji müttəfiqlik sənədidir

Bayraqdar.info – “2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə “bir millət – iki dövlət” ideyasının lazım gəlsə, “bir millət – bir dövlət, hətta bir ordu” halına çevriləcəyi prinsipcə əsaslandırılıb. Şuşa Bəyannaməsi bu günə kimi tarixdə digər iki dövlət arasında imzalanmayan dostluq, qardaşlıq və strateji müttəfiqlik sənədidir. Bunun dünyada indiyə kimi analoqu, bənzəri yoxdur”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib.

Bu sənəd region üçün də mühüm əhəmiyyət kəsb edir

Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də imzalanan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi mühüm və strateji əhəmiyyətə malik sənəddir: “Öncə onu deyim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanan bu Bəyannamə təkcə iki dövlətə deyil, ümumilikdə regiona sülh, sabitlik, iqtisadi inkişaf baxımından yeni-yeni uğurlar vəd edir. Bir sözlə, regional güc Azərbaycanla qlobal aktor Türkiyənin imzaladığı Bəyannamə dinc məqsədlər üçün nəzərdə tutulub və müdafiə xarakteri daşıyır”.

Sənəddə konkret olaraq öz əksini tapan strateji məqamlara gəlincə, Y.Karauz deyib ki, Kars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır: “Elə Şuşa Bəyannaməsində tərəflərin iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Kars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etməsi də xüsusi önəm kəsb edir. Eyni zamanda, tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar”.

Bildirilib ki, Bəyannamədə iki ölkə silahlı qüvvələrinin birgə təlimləri, modernləşdirilməsi, kibertəhlükəsizliyə qarşı birgə mübarizə, tərəflərin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq edilməsi və s. maddələr də öz əksini tapıb.

Təkcə regional deyil, qlobal səviyyədə qarşılıqlı dəstək

“Digər tərəfdən iki qardaş ölkə bu Bəyannamə çərçivəsində Azərbaycanın və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək birgə addım atacaqlarını bəyan ediblər. Yəni tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Eyni zamanda iki ölkənin təkcə regional deyil, qlobal səviyyədə də bir-birinə lazım olan bütün dəstəyi göstərəcəkləri bəyan edilib. Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi vurğulanıb. Dolayısı ilə müttəfiqlik anlaşması olan Şuşa Bəyannaməsi NATO Nizamnaməsinin 5-ci maddəsində, həmçinin KTMT-də olduğu kimi, iki qardaş ölkənin zamanın təhlükələrinə qarşı birgə addım atmasını təmin edəcək”, – deyə Y.Karauz vurğulayıb.

Şuşa Bəyannaməsi türk dövlətlərini də hərəkətə gətirib

Y.Karauz bildirib ki, Şuşa Bəyannaməsi eyni zamanda İstanbul Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan türk dövlətlərini təşkilatlanmağa təşviq edib: “Bütün bunlar Türkiyənin Qazaxıstan və Özbəkistanla əlaqələri, xüsusən də Azərbaycanın Türkmənistanla münasibətləri başda olmaqla, ikitərəfli əlaqələrin inkişafına, türk dünyasının ümumilikdə özünü tapmasına və 2030-cu il baxışı kontekstində irəliləməsinə şərait yaradıb”.

Ötən bir il ərzində atılan addımlar…

O da qeyd edilib ki, Bəyannamənin imzalandığı ötən bir il ərzində iki qardaş ölkə tərəfindən birgə mühüm addımlar atılıb: “Şuşa Bəyannaməsindən irəli gələrək bir çox sahələrdə atılan addımlar, qəbul edilən qərarlar Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirib. Özəlliklə hərbi fəaliyyətlərə dair iki ölkənin silahlı qüvvələri müştərək şəkildə suda və quruda birgə təlimlər gerçəkləşdirib. Eyni zamanda dost, qardaş və strateji müttəfiq olan Azərbaycanla Türkiyə ötən bir il ərzində istər regional, istərsə də qlobal səviyyədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edən addımlar atıblar. Biz bunu istər Qafqazda əbədi sülhün ədlə edilməsi üçün rəli sürülən təşəbbüslərdə, istərsə də Rusiya-Ukrayna savaşının dayandırılması üçün sərgilənən mövqedə açıq şəkildə görürük”.

Mission News Theme by Compete Themes.