Press "Enter" to skip to content

Beynəlxalq hüquq bizim tərəfimizdədir

Vüqar İskəndərov

Son yeniləmə: 11 Yanvar 2023 16:49

Vüqar İskəndərov: Zorla ata-baba yurdlarından didərgin salınmış hər bir azərbaycanlı ailəsinin öz doğma torpaqlarına, o cümlədən Qərbi Azərbaycana qayıtma hüququ var

BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər bütün sahələrdə yeni reallıqlar yaratdı. Bu Zəfərdən sonra daha qətiyyətli addımlar atan Azərbaycan, həmçinin, tarix boyu üzləşdiyi haqsızlıqların da aradan qalxması üçün hərəkətə keçdi. Təbii ki, bu sırada Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın hüquqlarının bərpası üçün atılan addımlar da var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, uzun illər Qərbi Azərbaycan İcması öz hüquqlarından məhrum idi: “Lakin Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. İndi isə şərtlər dəyişib və biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”.

Deputat qeyd edib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşündə bu məsələnin üzərində xüsusi olaraq dayandı: “Həmin çıxışında dövlət başçısı xalqımızın uzun illər üzləşdiyi faciələri xatırlatmaqla yanaşı müasir şəraitdə qarşıda duran vəzifələrə də toxundu. Məhz bu baxımdan qeyd edə bilərik ki, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıtmaqdır”.

V.İskəndərov, deyib ki, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məqama toxundu: “Dövlət başçısı bir daha bəyan etdi ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”. İlham Əliyev onu da bildirdi ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monoetnik dövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monoetnik dövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

“Bir sözlə, cənab Prezidentin də bəyan etdiyi kimi, azərbaycanlıların öz tarixi Vətənlərinə, evlərinə qayıdışı dünyadakı təməl insan hüquqlarından biridir. Yəni, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan dövləti bir an öncə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır. Yəni zorla ata-baba yurdlarından didərgin salınmış hər bir azərbaycanlı ailəsinin öz doğma torpaqlarına, o cümlədən Qərbi Azərbaycana qayıtma hüququ var”, – deyə deputat sonda əlavə edib.

Mission News Theme by Compete Themes.