BAYRAQDAR MEDİA – Media Tədris Mərkəzinin (MTM) tələbələri üçün təlimlər davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Media Tədris Mərkəzindən məlumat verilib.

Bildirilib ki, uzun illər bir çox aparıcı qəzetlərdə, media qurumlarında müxtəlif vəzifələrdə çalışan, Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, BAYRAQDAR MEDİA-nın baş redaktorunun müavini Nadir Azəri mərkəzin qonağı olub.
Qeyd edilib ki, təlimi giriş sözü ilə açan MTM-in rəhbəri Elnarə Dərziyeva öncə bu yaxınlarda 50 yaşı tamam olan Nadir Azərini yubileyi münasibəti ilə təbrik edib və onun fəaliyyəti barədə tələbələrə qısa məlumat verib.
Təbrikə və təlim üçün dəvətə görə minnətdarlıq edən N.Azəri Media Tədris Mərkəzinin fəaliyyətinin Azərbaycanda jurnalistikanın inkişafına dəstək olacağına əminliyini vurğulayıb.
Daha sonra təlimə başlayan N.Azəri həm siyasi jurnalistika, həm də müsahibə janrına dair ətraflı məlumat verib. Bu zaman uzun illik təcrübəsini də tələbələrlə bölüşən Əməkdar jurnalist nəzərə alınması vacib olan bəzi məqamların üzərində xüsusi olaraq dayanıb.

Təlim boyu tələbələrin də fikirlərini dinləyən, onları maraqlandıran sualları cavablandıran N.Azəri, sonda onlar üçün bir neçə sualdan ibarət test hazırlığı təşkil edib.
Beləliklə, təlimin ikinci yarısı tələbələrin yazdığı həmin test suallarının cavabları ətrafında müzakirələrlə davam edib.
Sonda xatirə şəkli çəkdirilib.





