Dr. Yücel Karauz: Yeni yüz ilə qədəm qoyan Türkiyə sabitlik və milli təhlükəsizlik məsələsini ən üst səviyyədə tutacaq
BAYARQDAR MEDİA – “Hakan Fidanın xarici işlər naziri olması bir çox məqamlara görə müsbət addımdır. Mən bu kontekstdə Mevlüt Çavuşoğlu ilə bərabər inkişaf edən, daha da irəli gedən Türkiyə-Azərbaycan əlaqələrinin, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın daha da inkişaf edəcəyini düşünürəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
O, bildirib ki, həm istefada olan bir hərbçi olması, həm uzun müddətdir təhlükəsizlik bürokratiyasının xarici siyasət üzərində təsirini bilən, bunu araşdıran bir şəxs olaraq Hakan Fidan da Türkiyə yüz ilinə layiq əlaqələri daha da irəli aparacaq potensiala malikdir.
Dr. Y.Karauz daxili işlər naziri təyin olunan Ali Yerlikayanın çox təcrübəli bir vali olduğunu da deyib: “A.Yerlikaya terrorçuluğa və qanunsuz miqrasiyaya qarşı mübarizədə önəmli addımlar atan, dövlətin siyasətini uğurla reallşadıran bir şəxsdir. Hesab edirəm ki, o, Süleyman Soyludan təhvil aldığı bayrağı daha da irəli aparacaq və rəhbərlik etdiyi sahədə yeni uğurlara imza atacaq”.
Dr. Y.Karauz vurğulayıb ki, bu iki təyinat ondan xəbər verir ki, yeni yüz ilə qədəm qoyan Türkiyə daxili və xarici siyasətdə sabitlik, həmçinin, milli təhlükəsizlik məsələsini ən üzt səviyyədə tutacaq: “Bu vəzifələrə təyin olunan yeni şəxslərin də köhnə nazirlər kimi milli və təhlükəsizlik baxımından prinsipial şəxslər kimi tanınması, uzun illər müxtəlif sahələrdə xidmət göstərərkən sərgilədikləri mövqe də bunu bir daha təsdiqləyir”.





