Press "Enter" to skip to content

Osmanlı İmperiyasında “Qadınlar sultanlığı”

Xəyalə Məmmədli və Röya İsrafil

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Türkiyə Cümhuriyyətinin 100 illiyi çərçivəsində Vikipediyada “Qadınlar sultanlığı” adlı məqalə yaradıb.

Məqalədə bildirilir ki, “Qadınlar sultanlığı” Osmanlı İmperiyasında, hasəki sultanların, ana sultanların və ya xanım sultanların (Mihrimah Sultan, Fatma Sultan, Kösəm Sultan, Səfiyyə Sultan nümunələrində olduğu kimi Böyük Ana sultanların) dövlət idarəçiliyinə müdaxiləsi, Osmanlı imperiyasını şəxsən idarə etdikləri dövrə verilən addır.

X.Məmmədli məqalə ilə əlaqədar BAYRAQDAR MEDİA-ya məlumat verib: “Öncə onu deyim ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada məqalələr yaradırıq. Hazırladığım bu məqalə də həmin məqalələr sırasındadır. Məqalədə Osmanlı imperiyasında ana sultanların (validə sultanların) dövlət idarəçiliyinə müdaxiləsindən söhbət açılır. Bu dövr Qanuni Sultan Süleyman dövründən başlamış və 1656-cı ildə Körpülü Mehmed Paşa baş vəzir olana qədər davam edib. Bu məqalə üzərində 2 həftə işləmişəm”.

Bildirək ki, məqalədə Osmanlı tarixinin qadın sultanları – Hürrəm Sultan, Mihrimah Sultan, Nurbanu Sultan, Səfiyyə Sultan, Xəndan Sultan, Həlimə Sultan, Mahpeykər Kösəm Sultan, Turxan Xədicə Sultan haqda məlumat yer alıb.

Qeyd edək ki, Qadınlar sultanlığının sona çatmasının səbəblərindən biri Turxan Xədicə Sultanın Körpülü Mehmed Paşaya vəzifə verməsi olub. Körpülülər nəslindən başlayaraq bir sıra istedadlı baş vəzirlər hakimiyyətə gələrək dövlət işlərini daha çox başqa dövlət adamlarına həvalə etməyə başlayıblar və beləliklə, hakimiyyət müəyyən qədər Topqapı sarayından Babi-Aliyə keçib və təkcə qadın sultanların deyil, sultanların da məsuliyyəti azalmağa başlayıb.

Mission News Theme by Compete Themes.