Dr. Yücel Karauz: Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırıb, sülhü, bölünməni və məğlubiyyəti qəbul edən birini hakimiyyətə gətirə bilərlər
BAYRAQDAR MEDİA – “Başa çatan həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Ştatlar Prezidenti Donald Tramp arasında söz savaşı ilə müşahidə edilən görüşlə yadda qaldı. Bunun da kökündə dayanan əsas səbəblərdən biri D.Trampın hakimiyyətə gəlməzdən öncə Rusiya-Ukrayna savaşını dayandıracağına söz verməsi, hakimiyyətə gələndən sonra bu istiqamətdə atdığı addımlar və eyni zamanda bu addımların mərkəzində ABŞ-ın Ukraynaya etdiyi yardımın əvəzinə Ukraynanın təbii sərvətlərinə əl qoymaq istəyidir. Ukrayna prezidentinin həmin istəyə mənfi cavab verməsi D.Trampı qəzəbləndirdi. Bir sözlə, bu görüşə belə dəyərləndirmək olar – Donald Tramp Volodimir Zelenskini çağırdı, danladı və yola saldı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Xatırladaq ki, Birləşmiş Ştatların Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə borc müqabilində Ukrayna torpaqlarını emal üçün ABŞ-yə verməyi təklif etməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. D.Tramp bildirib ki, ABŞ xərclədiyi bütün pulları geri istəyir. Bunun üçün 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını Ukraynadan tələb edir.
Dr. Yücel Karauz deyib ki, bu görüşdən sonra ABŞ-ın artıq Ukraynaya hər hansı bir dəstək verməyəcəyi bəlli oldu: “Bundan sonra nə ola biləcəyinə, yaxud belə deyək, Avropanın Ukraynaya dəstəyinin hansı rola malik olacağına gəlincə, hesab edirəm ki, proses heç də Ukrayna üçün qalibiyyət vəd etmir. Hesab edirəm ki, Avropa Ukraynanı dəstəkləmək istəyəcək, hətta müəyyən yardımlar da ayıracaq. Lakin bu yardımlar Birləşmiş Ştatların yardımını əvəz edə bilməz. Ən yaxşı halda bu, Ukraynanın sadəcə bu günə kimi əlində saxlaya bildiyi ərazilərin Rusiyanın nəzarətinə keçməsini önləyə bilər”.
Müsahibimiz əlavə edib ki, bu proses V.Zelenski üçün də daimi uğur vəd etmir: “Əgər V.Zelenski sonuna qədər bu müharibəni davam etdirmək qərarında olsa, o zaman böyük ehtimalla xarici güclər Ukraynada bir hakimiyyət dəyişiklik ediləcək və o, hakimiyyətdən uzaqlaşdırılacaq. Yəni Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırıb, sülhü, bölünməni və məğlubiyyəti qəbul edən birini hakimiyyətə gətirə bilərlər. Bir daha bəyan edirəm ki, Birləşmiş Ştatların dəstəyi olmadan Avropanın bu müharibəni Ukraynanın xeyrinə başa çatdırmaq imkanları yoxdur. Deməli, V.Zelenski ya sülhü qəbul edəcək, ya da hakimiyyətdən gedəcək”.





