Press "Enter" to skip to content

Dünənin, bu günün, gələcəyin gəncliyi

Əkbər Qoşalı

Yaxud, bu gənclik yalnız gələcəyin ümid yeri deyil, şanlı keçmişin haqqını qaytaran nəsildir

BAYRAQDAR MEDİA – 2 fevral – Azərbaycan Respublikasında Gənclər Günüdür. Bu gün müstəqil dövlət düşüncəsinin gəncliklə bağlandığı, gəncliyin isə dövlətlə imtahan verdiyi gün kimi xarakterizə oluna bilər.

2 fevral 1996-cı ildə keçirilən Müstəqil Azərbaycan Respublikası Gənclərinin l Forumunda bu sətirlərin yazarı nümayəndə olub, çıxış edib, təkliflər verib. Bəli, bu, sıradan Forum, bir toplantı olmadı və sonrakı illərə öz şəfəqini saça bildi. Forumun birinci ildönümündə bir qrup gənc lider və fəalı qəbul edən Ümummilli lider Heydər Əliyev 1 fevral 1997-ci ildə imzaladığı müvafiq sərəncamla, fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etdi. Bununla da, Azərbaycan gəncliyinin, necə deyərlər, dövlət siyasətinin obyekti yox, subyekti kimi tanınması prosesi gücləndi.

İllər keçdi. Hər fevralın ikisi öz vurğusu, öz intonasiyası ilə gəldi. Bəzən gənclik arzu idi, bəzən gözlənti, bəzən də sual… Amma son beş-altı il içində ildə baş verən tarixi hadisələr bu günə tamam başqa bir anlam qazandırdı. Artıq bu gənclik yalnız gələcəyin ümid yeri deyil – bu gənclik şanlı keçmişin haqqını qaytaran nəsildir!

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra Gənclər Günü daha yüksək qata qalxdı. Bu gün artıq qalib gənclik bayram edir, gəncliyin bayramı qalibiyyətin ruhi gücüylə səviyyə, səciyyə qazanıb. Səngərdə vuruşan, bayraq sancan, şəhid olan, qazi olan gəncliyin təqvimdə öz özəl günlərinin olması çox anlamlıdır. Gənclik öz rəsmi gününün, təqvimdə adına gün ayrılmasının məsuliyyət və şərəfini mahiyyəti üzrə idrak etdi, işlədi, irəli getdi. Gəncliyimiz “bir oldu, iri oldu, diri oldu”!

Dövlət başçısının gənclərlə bağlı dediyi sözlər təsadüfi deyil. Özəlliklə də Vətən müharibəsində iştirak etmiş gənclərlə, şəhidlərimizlə, qazilərimizlə bağlı səsləndirilən fikirlər Azərbaycan dövlətinin öz gəncliyinə inandığını bir həqiqət kimi təsdiqlədi.

Bu gün gənclərdən gözlənti dəyişib. Artıq gənclikdən enerjidən başqa məsuliyyət; romantikadan üstün strateji baxış; etirazdan savayı, quruculuq gözlənilir.

Qazandıqlarımızı necə qoruyacağıq?

Qələbəni necə mədəniyyətə, elmə, düşüncəyə çevirəcəyik? – Bax, Zəfər gəncliyi üçün əsas sual budur.
Döyüş meydanı öz yerində, öz vaxtında… bu gənclik indi dövlət idarəçiliyinin, ictimai məsuliyyətin, mədəni davamlılığın da daşıyıcısı olmalıdır. Bəli, suverenlik torpaq məsələsi olmaqla yanaşı – şüur məsələsidir. Azərbaycan gənci bu gün artıq dünyaya “biz varıq” deməklə yetinmir; dünya burada məsuliyyət daşımağa qadir ləyaqətli gənclik görür. Bu, (ən azı) keyfiyyət artımıdır; bu, bir tarixi mərhələdir.

2 Fevral – bu baxımdan, bayramla iç-içə həm də hesabat günüdür. Dövlətin gəncliyə verdiklərinin və gəncliyin dövlətə qaytardıqlarının günüdür.

Bu gün Azərbaycan gənci bilir ki, onun adı tarixin qızıl səhifəsində yazılıb.

Gənclər Günü mübarək olsun!

Dövlətimiz zaval görməsin!

Mission News Theme by Compete Themes.