Press "Enter" to skip to content

Gənclər qlobal çağırışlara cavab verməyə hazır olmalıdır

Vüqar İskəndərov

Vüqar İskəndərov: Bu gün Azərbaycan gəncliyi yalnız hərb meydanında deyil, eyni zamanda bilik, texnologiya və intellekt sahəsində də ölkəmizi irəli aparmaq üçün daha çox çalışmalıdır

BAYRAQDAR MEDİA – “Əvval, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin bütün gənclərini səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan dövləti müstəqillik illərindən etibarən, daha da dəqiq desək, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra gənclər siyasəti strateji prioritet kimi müəyyənləşdirilib, gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərilib. Azərbaycanda təhsil, idman, məşğulluq, gənclərin ictimai-siyasi fəallığının artırılması və beynəlxalq proqramlara çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, bildirib ki, gənclərin potensialının üzə çıxarılması üçün yaradılan hərtərəfli şərait onların gələcək çağırışlara hazır şəkildə bir fərd kimi formalaşmasında mühüm rol oynayıb: “Məhz bu ardıcıl və məqsədyönlü siyasət güclü, vətənpərvər və məsuliyyətli gənc nəslin yetişməsinə zəmin yaradıb. Bu kontekstdə 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin necə böyük bir ruh, iradə və fədakarlıq sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi. Birmənalı olaraq qeyd edək ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baaş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər həm də Azərbaycan gəncliyinin milli şüurunun, vətənpərvərliyinin və döyüş əzminin tarixi təsdiqi oldu”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan gəncliyi yalnız hərb meydanında deyil, eyni zamanda bilik, texnologiya və intellekt sahəsində də ölkəmizi irəli aparmaq üçün daha çox çalışmalıdır: “Dünya sürətlə dəyişir, yeni qlobal çağırışlar meydana çıxır və bu proseslər gənclərdən daha geniş dünyagörüşü, çevik düşüncə və yüksək hazırlıq tələb edir. Rəqəmsallaşma, süni intellekt, iqlim dəyişiklikləri, informasiya təhlükəsizliyi və geosiyasi proseslər gənclərin qarşısında yeni vəzifələr qoyur. Azərbaycan gəncləri bu çağırışları düzgün dəyərləndirməli və onlara adekvat cavab verməyə hazır olmalıdır”.

V.İskəndərovun sözlərinə görə, qlobal çağırışlara cavab verməyin əsas yolu keyfiyyətli təhsil, müasir bilik və bacarıqların əldə olunmasından keçir: “Gənclərimiz elmi-texnoloji yenilikləri mənimsəməli, xarici dilləri bilməli, innovativ və tənqidi düşünmə qabiliyyətini daim inkişaf etdirməlidir. Bununla yanaşı, beynəlxalq rəqabət mühitində öz sözünü demək üçün təşəbbüskar olmaq, yeni ideyalar irəli sürmək və onları reallaşdırmaq bacarığı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, qlobal dünyaya inteqrasiya prosesində milli kimliyimizi, dilimizi, tariximizi və mənəvi dəyərlərimizi qorumaq hər bir gəncin vətəndaşlıq borcudur. Güclü Azərbaycan gəncliyi yalnız bilikli deyil, həm də milli maraqlara sadiq, məsuliyyətli və dövlətçilik düşüncəsinə malik olmalıdır. Dövlətimizin gənclər üçün yaratdığı geniş imkanlardan səmərəli istifadə etmək, daim öz üzərində çalışmaq və fəal mövqe nümayiş etdirmək bu yolun əsas şərtləridir”.

“Mən əminəm ki, Azərbaycan gəncliyi öz iradəsi, intellekti və vətənpərvər ruhu ilə qarşısına çıxan bütün qlobal çağırışları fürsətə çevirəcək, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edəcək və müstəqil Azərbaycanın daha güclü, daha parlaq gələcəyinin qurucusu olacaqdır. Gənclərimizə bu şərəfli yolda uğurlar arzulayır, hər birinin potensialına ürəkdən inandığımı bir daha bəyan edirəm” deyə V.İskəndərov əlavə edib.

Mission News Theme by Compete Themes.