BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə yanvarın 31-də “Gənclər Gününün işıqlı notları” adlı konsert proqramı təşkil edilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən verilib.
Xəbərdə deyilir ki, “2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konsert Azərbaycan Milli İncəsənət Muzeyində gerçəkləşib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra əlamətdar günün tarixi haqqında ətraflı məlumat verilib, ölkədə yaradıcı gənclərə göstərilən dövlət qayğısından bəhs olunub”.
Bildirilib ki, “məktəbin müəllimlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”.
Sonda, məktəbin direktoru Raminə Ağayeva çıxış edərək Gənclər Günü münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb.





