Son yeniləmə: 19 Fevral 2026
Dr. Yücel Karauz: Qarşıdakı 5–15 il ərzində TDT – GUAM xətti və Orta Dəhliz ölkələri üzərindən, ABŞ tərəfindən dəstəklənən, lakin region ölkələrinin liderliyinə əsaslanan, çevik və çoxqatlı Avrasiya təhlükəsizlik–iqtisadi arxitekturasının formalaşması ehtimalı kifayət qədər yüksəkdir
BAYRAQDAR MEDİA – Bu gün qlobal məkanda bir-birindən maraqlı və maraqlı olduğu qədər də mürəkkəb proseslər baş verir. Məhz bu kontekstdə perspektivdə yeni birlik və ittifaqlaırn, yaxud da konfederasiya və platformaların yaradılması da mümkün görünür. Öz növbəsində siyasi ekspert Əkbər Qoşalının fevralın 12-də BAYRAQDAR MEDİA-da dərc edilən “Zəfərin verdiyi məsuliyyət” adlı müəllif yazısında bu istiqamətdə maraqlı təklif və ehtimallar öz əksnini tapıb. Məhz buradan yola çıxaraq “Yeni dünya düzəni kontekstində ABŞ-ın Orta Asiyaya, Türk Dövlətləri Təşkilatı (TDT) coğrafiyasına və Güney Qafqaza daha isti münasibəti gələcəkdə yeni birliyin, konfederasiyanın, yaxud Alyansın yaranmasına rəvac verə bilərmi?”, “Belə bir birləşməyə həm GUAM, həm TDT, ümumilikdə Orta Asiya, Güney Qafqaz (Ermənistan da daxil olmaqla), daxil olması nə qədər real görünür?” suallarına cavab tapmağa çalışdıq.
Orta Asiya, Güney Qafqaz, Xəzər hövzəsi və türk dünyası dəhlizləri ilk dəfə vahid strateji tənlik daxilində nəzərdən keçirilir
Bununla bağlı BAYRAQDAR MEDİA-ya dəyərləndirmə edən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib ki, nəzəri baxımdan belə bir birliyin formalaşması mümkündür.
Lakin, söhbət klassik hərbi ittifaq modelindən deyil, daha çox çoxqatlı, çevik və modul əsaslı təhlükəsizlik–iqtisadi əməkdaşlıq arxitekturasından gedə bilər: “Bu gün müşahidə olunan geosiyasi reallıq göstərir ki, ABŞ Rusiya – Çin oxunun sərtləşməsi fonunda Orta Asiya, Güney Qafqaz və ümumilikdə türk dünyasını artıq “ikinci dərəcəli periferik zona” kimi deyil, geosiyasi ara qurşaq, yəni həm tampon bölgə, həm də birləşdirici körpü kimi qiymətləndirməyə başlayıb. Bu səbəbdən Orta Asiya, Güney Qafqaz, Xəzər hövzəsi və türk dünyası dəhlizləri ilk dəfə vahid strateji tənlik daxilində nəzərdən keçirilir”.
ABŞ Moskvanın “arxa bağçası” sayılan Orta Asiyada diplomatik və iqtisadi təsirini artırmağa çalışır
Onun sözlərinə görə, Vaşinqtonun bu coğrafiyaya marağının artmasının əsas səbəbləri bir neçə istiqamətdə cəmlənir: “Ukrayna müharibəsindən sonra ABŞ Rusiyanı güneydən “zərərsizləşdirmək” məqsədilə Moskvanın “arxa bağçası” sayılan Orta Asiyada diplomatik və iqtisadi təsirini artırmağa çalışır. Eyni zamanda Çinin “Kəmər və Yol” təşəbbüsünün Avropaya uzanan Orta Asiya marşrutlarını balanslaşdırmaq üçün Orta Dəhliz, Xəzər keçidli logistika xətləri və Güney Qafqaz bağlantıları ön plana çıxarılır. Bundan əlavə, enerji və nadir elementlər təhlükəsizliyi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələr artıq yalnız enerji resursları deyil, kritik xammal və nadir metallar baxımından da ABŞ-ın diqqət mərkəzindədir. Bu kontekstdə ABŞ-ın son dövrlərdə Türk Dövlətləri Təşkilatı ölkələri ilə təmaslarını artırması və GUAM xəttini yenidən fəallaşdırması təsadüfi sayıla bilməz”.
Türkiyəli general deyib ki, bəhs edilənlər kontekstində mümkün ortaq struktur vahid “super təşkilat” formasında deyil, bir-birini tamamlayan platformalar şəbəkəsi şəklində yarana bilər: “Bu modeldə Türk Dövlətləri Təşkilatı mədəni və siyasi onurğa rolunu oynaya, GUAM Qara dəniz–Xəzər təhlükəsizlik körpüsü funksiyasını yerinə yetirə, Orta Dəhliz iqtisadi damar kimi çıxış edə, ABŞ və Avropa Birliyi isə xarici strateji dəstəkçi qismində iştirak edə bilər. Bu, NATO tipli sərt hərbi ittifaq olmaz; daha çox koordinasiya mexanizmləri, birgə təlimlər, enerji təhlükəsizliyi platformaları, logistika inteqrasiyası, kiber və hibrid təhdidlərə qarşı əməkdaşlıq formatında inkişaf edə bilər. Adlanmaya gəlincə, hesab edirəm ki, Türk–Xəzər Təhlükəsizlik və Əməkdaşlıq Platforması uyğun sayıla bilər. Çünki belə bir Platforma enerji xətlərinin qorunması, logistika dəhlizlərinin təhlükəsizliyi və hibrid təhdidlərə qarşı koordinasiyanı hədəfləyə bilər. Digər variant kimi Orta Dəhliz Strateji Tərəfdaşlığı ola bilər ki, bu da limanlar, dəmir yolları, enerji infrastrukturu və rəqəmsal ticarət üzərində qurulan qeyri-hərbi, lakin strateji əməkdaşlıq modeli ola bilər. Daha müasir yanaşma isə Avrasiya Dayanıqlılıq Alyansı formasında kiber təhlükəsizlik, kritik infrastrukturun qorunması, fövqəladə hallara davamlılıq və enerji təchizatının sabitliyi kimi sahələrə fokuslana bilər”.
Yaxın perspektivdə konfederasiya tipli sərt siyasi birlik real görünmür
Müsahibimiz vurğulayıb ki, bununla belə, yaxın perspektivdə konfederasiya tipli sərt siyasi birlik real görünmür: “Rusiya faktoru, Orta Asiya ölkələrinin Moskva ilə mövcud təhlükəsizlik və iqtisadi bağları, Çin kapitalının region iqtisadiyyatlarına dərin inteqrasiyası, eləcə də daxili siyasi sistemlər arasındakı fərqlər daha çevik və mərhələli modelin zəruriliyini göstərir. Başlanğıc mərhələdə əməkdaşlıq layihə əsaslı, funksional və tədrici şəkildə formalaşa bilər. Bu prosesdə Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. Türkiyə hərbi təcrübəsi, müdafiə sənayesi, logistika coğrafiyası, enerji keçid ölkəsi statusu və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki mövqeyi ilə mərkəzi aktor kimi çıxış edir. Lakin Ankaraya biçilməsi mümkün olan rol klassik liderlikdən daha çox birləşdirici mərkəz – strateji “hub” funksiyasıdır. Bu isə Türkiyə üçün geniş imkanlar açmaqla yanaşı, həssas geosiyasi balans tələb edir”.
Bu, türk dünyasını ilk dəfə sistemli geosiyasi blok səviyyəsinə yüksəldən mexanizmə çevrilə bilər
Müsahibimiz qeyd edib ki, nəticə etibarilə, qarşıdakı 5–15 il ərzində Türk Dövlətləri Təşkilatı–GUAM xətti və Orta Dəhliz ölkələri üzərindən, ABŞ tərəfindən dəstəklənən, lakin region ölkələrinin liderliyinə əsaslanan, çevik və çoxqatlı Avrasiya təhlükəsizlik–iqtisadi arxitekturasının formalaşması ehtimalı kifayət qədər yüksəkdir: “Bu struktur nə NATO, nə də Avropa Birliyi modelində olacaq; lakin enerji, logistika və təhlükəsizlik oxunda Rusiya–Çin arasında balans yaradan və Türk dünyasını ilk dəfə sistemli geosiyasi blok səviyyəsinə yüksəldən mexanizmə çevrilə bilər. Yeni dünya düzənində türk dünyası artıq sadəcə coğrafiya deyil, strateji oyun məkanıdır və bu məkan ətrafında formalaşan model üçün ən uyğun və əhatəli ad “Orta Dəhliz Strateji Tərəfdaşlığı” ola bilər”.





