Aqil Camal: İşğal bir çox gənclər kimi, mənim də gələcəyimdən illəri alıb
BAYRAQDAR MEDİA – Bu günlərdə müasir Azərbaycan mediasının tanınmış simalarından biri, türk dünyası sevdalısı, “Türküstan” qəzetinin və eyni adlı elektron platformanın baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın 50 yaşı tamam oldu. Onunla müsahibəmizdə də məhz 50 yaşın işığında ötənlərə nəzər yetirməyə çalışdıq:
50 yaş ömrün elə bir mərhələsidir ki…
-Aqil bəy, öncəliklə sizi yubileyiniz münasibətilə BAYRAQDAR MEDİA ailəsi adından təbrik edirik. İlk suala gəlincə, adətən belə deyilir ki, 50 yaş insan ömrünün tən ortasıdır və ideal olaraq insan 100 il yaşamalıdır. Bu mənada geriyə baxdıqda – əvvəlki həyat mərhələlərinizi nəzərdən keçirəndə – Aqil Camal bu yarım əsrlik ömrü necə yaşayıb? Hansı uğurları əldə edib, hansı arzuları reallaşdırıb və hansı həyata keçirə bilmədiyi planlara görə təəssüf hissi keçirir?
-50 yaş ömrün elə bir mərhələsidir ki, insanın bu yaşı necə yaşamasının bütün mərhələləri onun özündən asılır olmur. Ən azından, 18-20 ilə yaxın dövr valideynlərin, müəllimlərin, böyüklərin yön verdiyi, gələcəyə hazırladığı dövrdür. Sonrakı 30 ilə baxdıqda, tam səmimi söyləyim, onun da böyük qismi bizim həyatımızın üstündən tank kimi keçmiş torpaqlarımızın, doğulub boya-başa çatdığım Kəlbəcərin işğalı dövrünə düşüb. İşğal bir çox gənclər kimi, mənim də gələcəyimdən, perspektivimdən illəri alıb, onillərlə geri atıb.

Özümüzə gələrək, ayaq üstə durmaq üçün bəlkə də 20 il lazım olub. İşğal faktı ilə yanaşı, sovet quruluşunun dağılması, 90-cı illərin ağır sosial-iqtisadi durumu… Bütün bu keşməkeşli, təbəddülatlarla dolu dövr mənim yaşadığım 50 ilin böyük bir qismini ağuşuna alıb. Bu baxımdan, ötən illərdə edə bildiklərim arzularımla müqayisədə çox da böyük deyil. Bununla belə, bu gün üçün məmnunam. Xüsusən, cəmiyyətin, ətrafımdakı insanların, yaxınlarımın mənə olan münasibətinə görə düşünürəm ki, bayaq sadaladığım o cür ağrılı mərhələlərin müqabilində bu gün hansısa uğurlarım varsa, bunun özü də böyük işdir.
Türk Birliyi yalnız sentimental ideya deyil, artıq, bizim üçün həyati əhəmiyyət daşıyan reallıqdır
-Sizi türk dünyası ideyasına sadiq bir aydın kimi tanıyırıq. 50 yaşın zirvəsində dayanan Aqil Camal üçün türk dünyası ilə bağlı ən böyük və ən prioritet arzu nədir?
-Türk Birliyi idealına məktəb dövründə tapınmışam. Təsadüfi deyil ki, 1992-ci ilin oktyabrında 11-ci sinifdə oxuyarkən ucqar Kəlbəcərdə bir neçə məktəbdə və kənddə özəyi olan Gənc Türklər Təşkilatı yaratmışdım. Bu yolu izləyərək sonra Bakıda 90-cı illərdən “Turan” Gənclər Təşkilatına qoşuldum, təşkilatda birinci müavin oldum. 1999-2000-ci illərdə “Türkün səsi” qəzetini nəşr etdirdik.

2006-cı ildən bu günə qədər, artıq, 20 ildir “Türküstan” qəzetinin, saytının işini davam etdiririk. Türk dünyası ilə bağlı ən prioritet arzum ölkələrimiz arasında çağdaş dünyanın çağırışlarına, tələblərinə uyğun inteqrasiyanın getməsi, Avropa Birliyi tipli vahid məkanın qurulması, böyük coğrafiyada yayılmış etnosumuzun dünyada özünə layiq güc mərkəzi kimi formalaşmasıdır. Bu gün bölgəmizdə və dünyada gedən proseslər də göstərir ki, Türk Birliyi yalnız sentimental ideya deyil, artıq, bizim üçün həyati əhəmiyyət daşıyan reallıqdır.
20 ildə “Türküstan”ın ətrafında ziyalılardan, gənclərdən ibarət böyük bir zümrə formalaşıb
-Siz QHT rəhbəri olmaqla yanaşı, qeyd etdiyiniz kimi, eyni zamanda “Türküstan” qəzeti və onun elektron platformasına rəhbərlik edirsiniz. Bu ilin iyun ayında “Türküstan”ın 20 illiyi tamam olur. Ömrünüzün 20 ilini bu ideya və platforma ilə keçirmək sizə hansı dəyərləri qazandırıb? “Türküstan” Aqil Camala nə öyrədib və əvəzində Aqil Camal “Türküstan”a nə verə bilib?
-28 illik rəsmi media fəaliyyətim dövründə bir sıra mətbu orqanlarda işləmişəm. “Türküstan” mənim daha əvvəlki dövrdəki ictimai fəaliyyətimin məntiqi davamı idi. Burada media fəaliyyəti ilə məfkurə bir arada olduğu üçün mən, illərlə düşüncəmdə gəzdirdiyim fikirləri, ideyaları “Türküstan”a daşıdım. 20 ildə “Türküstan”ın ətrafında ziyalılardan, gənclərdən ibarət böyük bir zümrə formalaşıb.

Bu gün mətbuatda, ayrı-ayrı qurumlarda çalışan nə qədər gənc var ki, ilk yazılarını “Türküstan”da dərc etdirib, belə deyək, “Türküstan” məktəbi keçib. Baxmayaraq ki, ötən 20 ildə mediada ciddi dəyişikliklər, transformasiya baş verib. İstər texniki, istə üslub baxımından, amma, çap mediası öz mötəbərliyini saxlayır. Bu gün ölkədə qəzetlərin sayı xeyli azlıb. Qalan qəzetlər də, demək olar ki, həftəliyə keçib. Bu qəzetlər içərisində “Türküstan”ın da mövcud olması mənim üçün fəxrdir. Bəzən dostlara deyirəm ki, bu gün mediada hamının saytı, internet televiziyası və s. ola bilər. Amma, hamının qəzeti yoxdur. Bu sarıdan, biz şanslıyıq.
Dünyada, bölgədə gedən hansısa proseslər Güney Azərbaycan hərəkatını yolundan döndərə bilməz
-Gümüzün ən həssas və milli məsələlərindən biri də Güney Azərbaycan mövzusudur. Sizcə, Güney Azərbaycanın azadlıq üfüqündə real işartılar görünürmü? Bu istiqamətdə gələcək perspektivləri necə qiymətləndirirsiniz?
-Bu suala hazırda İran ətrafında cərəyan edən hadisələr fonunda cavab veririk. Bu cavab ola bilsin 2-3 ay əvvəl başqa cür ola bilərdi, bu gün başqa cür olacaq. Amma, mən günün konyukturundan, hansısa reallıqlardan çıxış edib məsələyə münasibət bildirmək istəməzdim.

Ətrafımızda nə olmasından asılı olmayaraq bizim öz reallıqlarımız, öz hədəflərimiz var. Dünyada, bölgədə gedən hansısa proseslər Güney Azərbaycan hərəkatını yolundan döndərə bilməz. Bu gün fars şovnizminin istibdadı altında əzilən, ona tabe olan, ona müticəsinə xidmət edən güneyli soydaşlarımız da çoxdur. Eyni zamanda, milli kimliyinə, milli hüquqlarına, mədəniyyətinə sahib çıxan yüzminlərlə soydaşımız var. Biz onların yanında olmaqda davam edəcəyik.






İlk şərhi yaza bilərsiniz