Nadir Azəri: Mövcud şərtlər daxilində İslamabadın səyləri hələlik real nəticəyə çevrilmir
BAYRAQDAR MEDİA – “Pakistanda ABŞ ilə İran arasında keçirilən danışıqların nəticəsiz yekunlaşması artıq müşahidə olunan reallığa çevrilib. Bu vəziyyət bir tərəfdən region ölkələrinin vasitəçilik təşəbbüslərinin artdığını göstərir, digər tərəfdən isə Vaşinqton və Tehran arasında dərin fikir ayrılıqlarının hələ də qalmaqda davam etdiyini ortaya qoyur.”
Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, prosesin mahiyyəti dəyişməz olaraq nüvə razılaşması məsələsi ətrafında formalaşır: “2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı ABŞ administrasiyasının həmin dövrdəki siyasətinə uyğun olaraq İranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoyulması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə Vaşinqtonun bu razılaşmadan çıxması və ardınca sərt sanksiya siyasətinə qayıtması tərəflər arasında etimad mühitini ciddi şəkildə zədələdi və danışıqların əvvəlki məntiqini faktiki olaraq pozdu.”
N.Azəri qeyd edib ki, mövcud dalanın bir neçə əsas səbəbi var: “Əvvəla, tərəflər arasında etimad problemi sistem xarakteri alıb və hələ də aradan qalxmayıb. Üstəlik, son 40 gündən artıq davam edən hərbi gərginlik və müharibə elementləri bu etimadsızlığı daha da dərinləşdirərək tərəflər arasında mövcud çatları genişləndirib. Bu amil diplomatik dialoqun bərpasını daha da çətinləşdirir. Digər tərəfdən, İranın nüvə proqramı əvvəlki mərhələdən fərqli olaraq yeni səviyyəyə keçib. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında uranın zənginləşdirilmə səviyyəsinin 60 faizə çatdığı qeyd olunur ki, bu da texniki baxımdan silah səviyyəsinə kifayət qədər yaxın göstərici sayılır. Bu isə ABŞ-ın təhlükəsizlik narahatlıqlarını artıraraq kompromis imkanlarını daraldır. Bununla yanaşı, regional və qlobal geosiyasi proseslər də danışıqlara birbaşa təsir edir. İranın Rusiya ilə əməkdaşlığının genişlənməsi və Yaxın Şərqdə müxtəlif təsir mexanizmlərindən istifadə etməsi Vaşinqton tərəfindən risk faktoru kimi qiymətləndirilir. Eyni zamanda, İsrailin sərt mövqeyi və mümkün hərbi ssenariləri gündəmdə saxlaması ümumi gərginliyi daha da artırır.”
Pakistan amilinə toxunan siyasi şərhçi bildirib ki, bu ölkə həm coğrafi, həm də siyasi baxımdan uyğun platforma kimi çıxış etməyə çalışır: “Pakistanın həm İranla qonşuluq münasibətləri, həm də ABŞ-la uzunmüddətli əməkdaşlıq təcrübəsi onu potensial vasitəçi kimi önə çıxarır. Lakin mövcud şərtlər daxilində İslamabadın səyləri hələlik real nəticəyə çevrilmir.”
Sonda N.Azəri vurğulayıb ki, hazırkı vəziyyət tərəflərin dərin kompromisə hazır olmadığını göstərir: “Görünən odur ki, həm ABŞ, həm də İran hələ də maksimalist yanaşmadan geri çəkilmir. Bu səbəbdən yaxın perspektivdə genişmiqyaslı razılaşmanın əldə olunması inandırıcı görünmür. Daha real ehtimal isə mərhələli və məhdud razılaşmaların müzakirəsi və ya mövcud gərginliyin idarə olunan formada davam etməsidir.”





