BAYRAQDAR MEDİA – Astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, Prof. Namiq Cəlilovun 70 illik yubileyi münasibətilə biblioqrafik göstəricisi nəşr olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “MEK-in tərtibatında “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstərici görkəmli alimin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – monoqrafiya, elmi-kütləvi məqalə və məruzələr, redaktə etdiyi materiallar, alimin rəhbərlik etdiyi dissertasiya işləri haqqında məlumatları özündə əks etdirir. Günəş fizikası, kosmik plazma fizikası sahəsində tanınmış mütəxəssis olan N.Cəlilovun 150-dən çox elmi məqaləsi Rusiyanın, Avropanın və Amerikanın reytinqli elmi jurnallarında dərc olunub”.
Ardınca xəbərdə, “AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır. Biblioqrafiya astronomiya sahəsində çalışan alim və mütəxəssislər, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz