Press "Enter" to skip to content

Layihə: ​”Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq”

Layihə: ​"Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq"

Lalə Sərdarlı: “Mirzə Qədim İrəvaninin işığı bütün Şərq sənətinə yol göstərir”

BAYRAQDAR MEDİA – ​”Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq” layihəsi çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dizayner və araşdırmaçı tətbiqi sənət ustası Lalə Sərdarlı geniş açıqlama verib.

Bu haqda İB sədri BAYRAQDAR MEDİA-ya məlumat verib.

Bildirilib ki, “layihənin gedişatında nəzərdə tutulan planlar nəinki tam yerinə yetirilib, hətta əhatə dairəsi genişləndirilərək artıqlaması ilə icra edilib: “Böyük qürur hissi ilə deyə bilərəm ki, biz bu layihəni uğurla başa vurduq. Layihənin şərtlərinə görə, müvafiq olaraq orta ixtisas və ali təhsil müəssisələrində konfrans və sərgilər keçirməli, sonda beş sənət nümunəsini təqdim etməli idik. Lakin biz Almaniyadan olan tərəfdaşlarımız — “Medina” dərnəyinin təsis etdiyi, Nürnberq şəhərində yerləşən Türk Tarixi və Mədəniyyətləri Muzeyi və “Sərdar Sandıq-Mücrü Ocağı” ilə birlikdə “Dünya Bilgi Platforması”nda 10 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq elmi-praktik konfrans da təşkil etdik. Üç saat davam edən bu konfransda elmi dəlillərlə sübut olundu ki, Mirzə Qədim İrəvani heç bir Avropa məktəbi keçmədən nəinki Azərbaycanda, eləcə də bütün Şərq-İslam coğrafiyasında şərti təsvirdən realizmə keçidi təmin edən ilk realist rəssamdır”.

Lalə xanımın sözlərinə görə, “layihənin ən mühüm uğurlarından biri kimi, tətbiqi sənətdə ilk dəfə istifadə olunan yeni icra texnikası təqdim edilib.”Gül və bülbül” kompozisiyası üzərində işlərkən tekstura pastası vasitəsilə elementlərə lay-lay həcm verilib və bu, sənət nümunəsinin barelyef formasında (manual 3D prototipləşmə) ərsəyə gəlməsinə şərait yaradıb. Azərbaycanın əməkdar rəssamı, ali dərəcəli bərpaçı, Azərbaycan Milli İncəsənət Muzeyinin Bərpa şöbəsinin müdiri Natiq Səfərov layihənin bütün mərhələlərində yaxından iştirak edərək, bu yeni üslubun və texnikanın rəsmiləşdirilməsinin vacibliyini vurğulayıb”.

Xəbərdə deyilir ki, “​”Sərdar Sandıq-Mücrü Ocağı”nda hazırlanan “Mirzə Qədim İrəvani işığı” kolleksiyası ölkənin ən tanınmış mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Rəssamlar İttifaqının Tətbiqi Sənət bölməsinin rəhbəri, Azərbaycanın xalq rəssamı Aydın Rəcəbov və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Azərbaycanın əməkdar rəssamı, sənətşünas Məmmədhüseyn Hüseynov kolleksiyanı ən xoş sözlərlə qəbul ediblər. ​Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R. Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Almaz Həsrət, Bakı Slavyan Universitetinin Elmi Şurasının katibi, Qərbi Azərbaycan üzrə Elmi Tədqiqat Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Hümbətova layihənin əhəmiyyətini və davamlılığının zəruriliyini xüsusi qeyd ediblər”.

Qeyd edilib ki, “Lalə Sərdarlı layihəyə göstərilən maliyyə və mənəvi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinə minnətdarlığını bildirib. Eyni zamanda, layihənin uğurunda böyük payı olan Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanova və Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyevaya təşəkkür edib”.

Sonda Lalə xanım vurğulayıb: “Sizə də minnətdarıq ki, bu məlumatları dərc etməklə Mirzə Qədim İrəvani irsinin işığını paylaşmış olursunuz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.