Press "Enter" to skip to content

Azərbaycan–Belarus vətəndaş cəmiyyəti əməkdaşlığında yeniliklər

Azərbaycan–Belarus vətəndaş cəmiyyəti əməkdaşlığında yeniliklər

BAYRAQDAR MEDİA – 2026-cı il noyabrın 12-də Belarus Respublikası Prezidentinin İşlər İdarəsinin Humanitar Fəaliyyət Departamenti və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Sosial rifah, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan dayanıqlı istifadə sahələrində əməkdaşlıq imkanları və atılacaq addımlar” mövzusunda Azərbaycan–Belarus onlayn müzakirə platformasının görüşü keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin İnformasiya Mərkəzindən daxil olub.

Xəbərdə deyilir ki, “Zoom platforması üzərindən təşkil olunan görüşdə hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edərək sosial dəstək, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan dayanıqlı istifadə və tarixi-mədəni irsin qorunması istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə Azərbaycanı təmsil edən QHT-lər sırasında “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri Lalə Sərdarlı da çıxış edərək təşkilatın fəaliyyət istiqamətlərini, elmi-tədqiqat yanaşmasını və beynəlxalq təcrübəsini təqdim edib”.

Bildirilib ki, “təqdimatın diqqətçəkən məqamlarından biri təşkilatın əsas fəaliyyət prinsipinin — “Tədqiqatdan yeni təcəssümə” konsepsiyasının izahı olub. Bu yanaşma tarixi ornament və simvolların yalnız qorunmasını deyil, onların mənşəyinin, semantik məzmununun və daşıdığı mədəni yaddaşın araşdırılmasını, rəqəmsallaşdırılmasını və müasir tətbiqi sənət nümunələrində yeni ifadəsini nəzərdə tutur. Bu fəaliyyətin əsas mərkəzi olan “Sərdar Sandıq Mücrü Ocağı” isə araşdırma, yaradıcılıq, təlim və təqdimat proseslərinin vahid məkanda birləşdirildiyi mədəni platforma kimi təqdim edilib.

Lalə Sərdarlı çıxışında təşkilatın digər mühüm missiyasına — “Sənət vasitəsilə sülh elçiliyi” ideyasına da xüsusi diqqət yetirib. Müxtəlif ölkələrin pravoslav və katolik məbədlərində, sinaqoqlarında, İslam mədəniyyət mərkəzlərində təqdim olunan sənət nümunələri vasitəsilə mədəniyyətlərarası dialoqun və qarşılıqlı ehtiramın təşviq edilməsi bu missiyanın əsas istiqamətlərindəndir. İstanbul, Almaniya və Vaşinqtonda həyata keçirilmiş sərgi və təqdimatlar, eləcə də Vaşinqtonda reallaşdırılan “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsi təşkilatın beynəlxalq fəaliyyət təcrübəsinin mühüm nümunələri kimi diqqətə çatdırılıb”.

Qeyd edilib ki, “çıxışın əsas mesajlarından biri sənətin yalnız tarixi yaddaşın qorunması vasitəsi deyil, həm də insanlar arasında mənəvi körpü, mədəni dialoq və psixoloji rifahı dəstəkləyən humanitar vasitə olması idi. Görüş çərçivəsində təşkilat Azərbaycan və Belarus QHT-ləri ilə birgə tədqiqatların, sərgilərin, maarifləndirici proqramların və qrant təşəbbüslərinin həyata keçirilməsinə, həmçinin qarşılıqlı maraq əsasında onlayn ustad dərslərinin təşkilinə hazır olduğunu bəyan edib. Bu təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, vətəndaş cəmiyyəti əməkdaşlığı yalnız fikir mübadiləsi ilə məhdudlaşmamalı, konkret layihələrə, ortaq tədqiqatlara və davamlı tərəfdaşlıq mexanizmlərinə çevrilməlidir. Azərbaycan və Belarus QHT-ləri arasında keçirilən bu görüş də məhz belə bir əməkdaşlıq üçün yeni imkanların müzakirəsinə zəmin yaradıb. Mədəni irsin qorunması və təbliği, tətbiqi sənət ənənələrinin müasir texnologiyalarla inkişaf etdirilməsi və sənət vasitəsilə humanitar əlaqələrin genişləndirilməsi gələcək Azərbaycan–Belarus əməkdaşlığının perspektivli istiqamətlərindən birinə çevrilə bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.