BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Seyid Əzim Şirvani” adlı biblioqrafik göstərici işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “biblioqrafik göstəricidə Prezidentin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamı və AMEA Rəyasət Heyətinin müvafiq Qərarı yer alıb. Nəşrdə, həmçinin filologiya elmləri doktoru, Prof. Xeyrulla Məmmədovun “Köhnə dünyanın sonuncu, yeni dünyanın birinci şairi” adlı araşdırma məqaləsi təqdim olunub. Vəsaitdə görkəmli Azərbaycan maarifçi-şairi və satirikinin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, kitabları, dövri mətbuatda və əski əlifba ilə çap edilmiş əsərləri, həmin əsərlərin mənbələri, arxiv materialları, haqqında yazılmış ədəbiyyat, avtoreferatlar və dissertasiyalar sistemli şəkildə əksini tapıb”.
Daha sonra xəbərdə, “AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı Türkan Vahidovadır. Nəşr böyük şairin bədii yaradıcılığının və fəlsəfi düşüncəsinin müasir kontekstdə öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vəsait ədəbiyyatşünaslar, bu sahədə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub” deyə diqqətə çatdılır.






İlk şərhi yaza bilərsiniz