BAYRAQDAR MEDİA – “Bu gün dünyada baş verən müharibələrə və postmüharibə proseslərinə baxdıqda Azərbaycanın ortaya qoyduğu yanaşmanın bir sıra ölkələrdən fərqləndiyi açıq görünür. Azərbaycan yalnız iqtisadi inkişafı, beynəlxalq əməkdaşlıqdakı etibarlı tərəfdaş mövqeyi, nüfuzlu tədbirlərə uğurlu ev sahibliyi və sosial siyasəti ilə diqqət çəkmir. Ölkəmiz eyni zamanda hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinə və yaşayış məntəqələrinin qorunmasına göstərdiyi həssas münasibətlə də beynəlxalq səviyyədə fərqlənən dövlətlərdən biridir. Bu yanaşmanın təsadüfi olmadığı isə həm real faktlarda, həm də dövlət başçısının çıxışlarında aydın şəkildə görünür”.
Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın müharibə və postmüharibə dövründə nümayiş etdirdiyi məsuliyyətli siyasətin növbəti dəfə diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə təkcə hərbi uğur kimi deyil, həm də dövlətin siyasi iradəsinin və prinsipial mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Rəsmi Bakının verdiyi bəyanatlarla praktik addımlar arasında uyğunsuzluğun olmaması isə ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərən əsas amillərdən birinə çevrilib. Məhz buna görə də bu gün Azərbaycanın mövqeyinə beynəlxalq müstəvidə maraq və hörmət getdikcə artır”.
N.Azərinin sözlərinə görə, ən mühüm məqamlardan biri də odur ki, Azərbaycan müharibənin ən ağır mərhələlərində belə beynəlxalq humanitar hüququn tələblərinə əməl etdi: “Ermənistanın Gəncə, Bərdə və digər yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə hədəfə almasına baxmayaraq, Azərbaycan Ordusu mülki obyektləri hədəf seçmədi. Bu yanaşma Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi və siyasi baxımdan üstün mövqe nümayiş etdirdiyini göstərən vacib məqamlardan biridir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan həm müharibə dövründə, həm də sonrakı mərhələdə ortaya qoyduğu davranış modeli ilə diqqət çəkən nümunə formalaşdırıb. Xüsusilə bu gün müxtəlif bölgələrdə silahlı qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün maraqlı və əhəmiyyətli model kimi qiymətləndirilə bilər. Müharibə aparan və ya postmüharibə bərpa prosesi yaşayan ölkələr üçün bu yanaşma müəyyən mənada praktik örnək rolunu oynaya bilər”.






İlk şərhi yaza bilərsiniz