BAYRAQDAR MEDİA – 10 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Filarmoniyanın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə yüksək peşəkarlıqla çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqram dinləyicilərə təqdim edib. Proqramda səslənən əsərlər milli musiqinin zənginliyini, Azərbaycan xalqının qüdrətini, vətən sevgisini və mənəvi gücünü dolğun şəkildə tərənnüm edib. Konsert Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım!” əsəri ilə başlanaraq salonda yüksək ruh və qürur hissi yaradıb. Daha sonra Qara Qarayev “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, Arif Məlikov “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Soltan Hacıbəyov “Karvan” simfonik lövhəsi və Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri səsləndirilib. Milli ruhla zəngin olan bu əsərlər dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb”.
Bildirək ki, Ulu Öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə və milli musiqinin inkişafına göstərdiyi misilsiz qayğı konsert boyu səslənən hər bir əsərdə əksini tapıb. Bu əlamətdar gün dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz ehtiramın, Azərbaycan dövlətçiliyinə və milli-mənəvi dəyərlərimizə sədaqətin bədii ifadəsinə çevrilib.






İlk şərhi yaza bilərsiniz